Musiqili Teatr Tehrana yola düşdü
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin rəhbərliyi ilə İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə yola düşüb. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, İranda keçirilən Azərbaycan Mədəniyyət Günlərinin nümayəndə heyətinə daxil edilən Musiqili Teatrın kollektivi Tehranda olduğu müddətdə dahi Üzeyir Hacıbəylnin "Ər və arvad” tamaşasını nümayiş etdirəcək. "Azərbaycan Mədəniyyət Günləri iyulun 3-də Tehran şəhərində işə başlayıb. Mədəniyyət və Turizm nazirimiz cənab Əbülfəs Qarayevin rəhbərliyi ilə ölkəmizin tanınımış mədəniyyət və incəsənət xadimləri böyük bir heyətdə artıq bir neçə gündür ki, İrandadır. Ölkəmizi teatr kollektivi olaraq bu mötəbər tədbirdə Musiqili Teatr təmsil edəcək. Böyük Üzeyir Hacıbəylnin "Ər və arvad” iki hissəli musiqili komediyasını Tehranın "Hünər” Sarayında iki dəfə - iyulun 7-də və 8-də qonşu və dost ölkənin teatrsevərlərinə təqdim edəcəyik. Xatırladım ki, biz bir neçə ay öncə İran İslam Respublikasında keçirilən, dünyanın təqribən 20 ölkəsinin teatrlarının qatıldığı 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında da "Ər və arvad” tamaşası ilə iştirak etmişdik. Tamaşanın nümayişi böyük çoşqu və anşlaqa səbəb olmuşdu. Təbrizli tamaşaçıların xahişi ilə biz o zaman istisna olaraq "Ər və arvad”ı ikinci dəfə nümayiş etdirdik. Teatrımızın üç üzvü 35-ci Fəcr Beynəlxalq Teatr Festivalının mükafatına layiq görüldü. Azərbaycan Respublikasının Əməkdar artistləri Nahidə Orucova "Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə "Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib elan olundular. İnanıram ki, Azərbaycan Mədəniyyət Günləri çərçivəsində də iştirakımız uğurlu olacaq, ölkəmizi layiqincə təmsil edəcəyik”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev bildirib. Qeyd edək ki, "Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Tamaşada rolları Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa edirlər.