Müstəqillik Günü Musiqili Teatrda qeyd olunub
Azərbaycan Dövlət Musiqili Teatrında 18 Oktyabr Müstəqillik Günü qeyd olunub. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu müansibətlə teatrda "Heydər Əliyev dərsləri” mövzusunda növbəti tədbir keçirilib. Tədbiri açıq elan edən Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevin təklifi ilə öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Ə. Lalayev çıxışında dövlətimizin şərəfli müstəqillik tarixindən bəhs edib, 18 Oktyabr Müstəqillik Gününün Azərbaycan xalqının şanlı tarixindəki parlaq səhifələrdən biri olduğunu söyləyib. 18 oktyabr Dövlət Müstəqilliyi Gününün yaranma tarixindən, xalqımızın müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsindən danışan Ə. Lalayev "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbulundan sonra ölkəmizin beynəlxalq arenada əldə etdiyi uğurlardan, nailiyyətlərdən söz açıb. "Qazanılan bütün uğurlar Ümummilli Lider, Ulu öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin strateji inkişaf yolunun və uzaqgörən siyasətinin nəticəsidir. Çağdaş Azərbaycan dövlətinin banisi olan Heydər Əliyev təkcə xalqımızın deyil, ümumiyyətlə, bəşər tarixinin nadir şəxsiyyətlərindən, dünya miqyaslı dövlət xadimlərindən biridir. Biz bugünki Azərbaycan dövlətinin var olmasına görə məhz Heydər Əliyev dühasına borcluyuq. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü göz bəbəyimiz kimi qorumaq hər birimizin müqəddəs vəzifəsidir. Tarixi ərazilərimizi işğal edən nankor qonşularımız unutmamalıdırlar ki, Azərbaycan mütləq öz torpaqlarını azad edəcəkdir”, - deyə Ə. Lalayev çıxışının sonunda qeyd edib.