Musiqili Teatrda “Qoğalın Yeni İl macərası”

2017-ci il başa çatmaq üzrədir. Azərbaycan Dövlət Musiqili Teatrı qarşıdan gələn 2018-ci il – Yeni İl Bayramı şənliklərinin hazırlıqlarına start verib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, teatrda "Yeni İl” şənlikləri 29 dekabr 2017-ci il tarixində başlanacaq. Bu münasibətlə "Qoğalın Yeni İl macərası” adlı Azərbaycan və rus dillərində tamaşa hazırlanır. Azərbaycan dilində hazırlanan tamaşanın quruluşçu-rejissoru Elməddin Dadaşovdur. "Bayram tamaşamızı uşaqlıqdan hamıya maraqlı olan "Qoğal” nağlının motivləri əsasında hazırlayırıq. Yeni İlin müjdəçisi olan Şaxta baba Yeni İl axşamı istəkli nəvəsi Qar qızı sevindirmək, təəccübləndirmək istəyir. O, bayram süfrəsi üçün Qar qızdan qoğal bişirməyi xahiş edir. Qar qız qoğal bişirir. Qoğal Şaxta baba və Qar qızdan qaçaraq meşəyə gedir. Hər şey də elə bundan sonra başlayır. Əyləncəli, macəra dolu hadisələr, oyunlar, sirli-sehirli, möcüzəli olaylar sürətlə bir-birini əvəzləyir. Məhz elə bu səbəbdən də biz tamaşamızı möcüzəli oyun adlandırmışıq”, - deyə Elməddin Dadaşov bildirib. Səhnə əsərində balaca tamaşaçılar əyri pəncə Ayı, şələquyruq Tülkü, müftə yem axtaran tənbəl Canavar, qoçaq Dovşan və başqa meşə sakinlərinin Qoğalla macəralarını izləyə biləcəklər. 29 dekabrdan etibarən hər gün dörd senasın keçirilməsi nəzərdə tutulur. Tamaşalar saat 10.30, 12.30, 14.30 və 16.30-da baş tutacaq. Tamaşada rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Elnarə Nağdəliyeva, Elçin İmanov, Gülnarə Əzizova, Pərvin Dadaşova, Ruslan Mürsəlov, Eleanora Mehdiyeva, Fərid Rzayev, Əmrah Dadaşov, Atəş Qarayev, Güldanə Əzimova və Mehriban Rəcəbova ifa edirlər. Qeyd edək ki, rus bölməsi tərəfindən hazırlanan "Qoğalın Yeni İl macərası” nağıl-tamaşasının quruluşçu-rejissoru isə Əhəd Hacıyevdır. Səhnə əsərində rolları Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, Anton Ferştandt, aktyorlar Marina Litvinenko, Firuz Məmmədov, Nadejda Povelitsina, Emil Heydərov, Gülnarə Əzizova, Rauf Babayev, Telnaz Hüseynova, Yulia Heydərova, Pərviz Məmmədov və Eleanora Mehdiyeva ifa edirlər. Azərbaycan Dövlət Musiqili Teatrı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2018-ci il – Yeni İl Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərək, hər kəsi Yeni İli teatrda birlikdə qarşılamağa dəvət edir. Biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

Tarix: 11.12.2017