Musiqili Teatrın aktyorları Musiqi Mədəniyyəti Muzeyində çıxış etdi

Azərbaycan Dövlət Musiqili Teatrının istedadlı solistləri yanvar ayının 25-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan professional bəstəkarlıq məktəbinin 110 illiyinə həsr edilmiş tədbirdə fəal iştirak ediblər. Əməkdar artist Səidə Şərifəliyeva, Eleanora Mustafayeva, Əliməmməd Novruzov, Aydan Həsənova, Əmrah Dadaşov, Səməd Xasıyev, Şaban Cəfərov, Atəş Qarayev mükəmməl ifaları ilə tədbir iştirakçılarına xoş əhvali-ruhiyyə bəxş ediblər. Teatrın solistləri tamaşaçılara istedadlı konsertmeyster Fidan Babayevanın müşayiəti ilə görkəmli bəstəkarların - Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Səid Rüstəmov, Vasif Adıgözəlov, Rauf Hacıyev, Oqtay Kazımi, Faiq Sücəddinov və gənc bəstəkar Firudin Allahverdinin əsərlərini təqdim ediblər. Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Səbuhi İbayev və başqa musiqili qonaqların da iştirak etdiyi tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Əməkdar İncəsənət Xadimi Nərgiz Şəfiyeva və digər incəsənət xadimləri çıxış edərək bəstəkarlıq məktəbinin 110 il ərzində keçdiyi peşəkar inkişaf tarixindən geniş və ətraflı söhbət açıblar. Daha sonra musiqili gecənin qonaqları Azərbaycanın proffesional bəstəkarlıq məktəbinin kəşməkəşli və şərəfli tarixini əks etdirən video çarxa baxıblar.

Tarix: 27.01.2018