Azərbaycan Dövlət Musiqili Teatrının aktyorları mükafata layiq görülüb
Bu yaxınlarda Zirvə Ziyalılar Təşkilatının yaranmasının 26-cı ildönümü münasibəti ilə keçirilən "Azerbaijan Best Awards" (ABA) mərasimində 2017-ci ildə yaradıcılıq fəaliyyətləri ilə fərqlənən incəsənət, şou-biznes və müxtəlif sahələrin nümayəndələrinə mükafatlar təqdim olunmuşdur. Qurumun mətbuat xidmətindən bildirilib ki, bu tədbirdə Musiqili Teatrın iki aktyoru – sevimli gülüş ustası, Əməkdar artist Çingiz Əhmədov "Ən yaxşı aktyor”, gənc olmasına baxmayaraq kifayət qədər tanınan Nicat Əli "İlin ən populyar televiziya serialı” nominasiyaları üzrə mükafatlara layiq görülüblər. Sevimli aktyor Çingiz Əhmədov belə bir mötəbər mərasimində onun əməyinə verilən qiymətə görə layihənin rəhbərliyinə dərin minnətdarlığını bildirib. Gənc və istedadlı aktyor Nicat Əli da sevincini gizlətməyib: "İstər teatrda, istərsə də kinoda əməyimizə verilən qiymət bizi yaradıcılığa daha da ruhlandırır. Çalışacağam ki, bundan sonra da uğurlarımız çox olsun”.