Musiqili Teatrın aktrisası Gültac Əlili mükafata layiq görülüb
Martın 9-da Milli Teatr Günü münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti və Teatr Xadimləri İttifaqı Milli Peşəkar Teatrımızın yaranmasının 145 illiyinə həsr olunmuş "Teatr və Zaman” adlı elmi-praktik konfrans keçirmişdir. Konfransın sonunda bir qrup tanınmış teatr xadiminə Azərbaycan Teatr Xadimləri İttifaqının və Mədəniyyət və Turizim Nazirliyinin təsis etdiyi "Fəxri Mədəniyyət işçisi", "Fəxri Fərman" və "Sənətkar" medalı təqdim edilmişdir. Azərbaycan Dövlət Musiqili Teatrının solisti Gültac Əlili də mükafat alanlar sırasında idi. O, Mədəniyyət və Turizim Nazirliyinin təsis etdiyi "Fəxri Mədəniyyət işçisi" döş nişanı ilə təltif olunanmuşdur. Musiqili Teatrda 2007-ci ildə vokal artisti solist kimi fəaliyyətə başladığı müddət ərzində məlahətli səsi və aktyorluq məharətilə tamaşaçıların qəlbinə yol tapan istedadlı aktrisa Leyla ("Qısqanc ürəklər”), Qonşu qız ("Milyonçunun dilənçi oğlu”), Zari ("İddialı qaraçı”), Reyhan ("Amerikalı kürəkən”), Məleykə” (Bankir adaxlı”), Gülnaz” (O olmasın bu olsun”), Aygün ("Qızıl toy”), Kiçik qız ("Toya bir gün qalmış”), Sevil ("Baladadaşın toy hamamı”), Bahar ("Kimdir müqəssir”), Fatma ("999-cu gecə”) və s. rolların mahir ifaçısı kimi tanınmışdır. Gültac Əlili 2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İlin ən yaxşı aktrisası” adına və Musiqili Teatrın təsis etdiyi "Mövsümün aktrisası” nominasiyasında mükafata layiq görülmüşdür. "Belə bir əlamətdar gündə mükafat aldığım üçün özümü çox xoşbəxt hiss edirəm. Düşünürəm ki, bu mükafat mənim simamda teatrımızın bütün gənclərinə verilib. Fürsətdən istifadə edib bizə daim diqqət göstərən Mədəniyyət və Turizm Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Teatr Xadimləri İttifaqına minnətdarlığımı bildirirəm. Çalışacağam ki, bundan sonra da teatrımızın inkişafına xidmət edim”, - deyə Gültac Əlili bildirib.