Mədət Quliyevdən Musiqili Teatra təbrik məktubu

Azərbaycanda Peşəkar Milli Teatrın yaradılmasının 145 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, dosent Əliqismət Lalayevə təbrik məktubu ünvanlayıb. Xoş və səmimi sözlərin yazıldığı məktubda Mədət Quliyev qeyd edir ki, "... Azərbaycan Milli Teatrının inkişafı və yüksəlişinin təməli Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk illərdən qoyulmuşdur. Dahi rəhbərin daim diqqət və qayğısı sayəsində ... teatrın həyatımıza daha geniş daxil olması, eləcə də bu xüsusi yaradıcılıq növünün maddi-texniki bazasının yaradılması və gücləndirilməsi üçün ölçüyəgəlməz işlər görülmüşdür.” Mədəniyyət tariximizin parlaq səhifələrini şərəflə yazan milli teatr dövlət müstəqilliyimiz bərpa edildikdən sonra öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident, Zati-aliləri cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə gündən-günə yeniləşən, müasirləşən və qüdrətlənən Azərbaycanda milli teatra diqqət və qayğı daha da artırılmışdır. DTX sədri Musiqili Teatrın rəhbərliyi başda olmaqla, bütün yaradıcı heyəti bu əlamətdar gün münasibəti ilə təbrik edir, uzun və şərəfli tarixi inkişaf yolu keçmiş bir sənət ocağının uğurlarına sevindiyini bildirir. Son illərdə Teatrın həyatında yeni yaradıcılıq mərhələsinin başladığını, ilk növbədə onun maddi-texniki bazasının müasir dünya standartlarına uyğun qurulmasını, böyük yaradıcılıq axtarışlarının bəhrəsi olan yeni, maraqlı tamaşaların hazırlanmasını, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsi üçün xeyli iş görüldüyünü vurğulayıb. Milli Qəhrəman təbrik məktubunda daha sonra qeyd edir: "Hörmətli Əliqismət müəllim! Sizi bir daha Azərbaycanda Milli Teatrın yaradılmasının 145 illiyi, həmçinin xoş əhvali-ruhiyyə, xeyirxahlıq və ruzi-bərəkət gətirən Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, kollektivin hər bir üzvünə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, bol sevinc və yeni yaradıcılıq uğurları diləyirəm!”

Tarix: 13.03.2018