Musiqili Teatr müsabiqə elan etdi
Azərbaycan Dövlət Musiqili Teatrı kollektivin simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib. Müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Sənədlər Musiqili Teatrda qəbul edilir. Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bu barədə söhbətində bildirmişdir ki, teatrın heyətində müəyyən dəyişikliklər etmək üçün belə müsabiqənin keçirilməsi çox vacibdir. Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. İstər yaradıcı qrup üçün, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür. Hal-hazırda teatrda kadr çatışmazlığı var və bu boşluğu doldurmaq üçün yeni, istedadlı kadrlara çox ehtiyacımız var. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə yeniliklər nəzərə çarpacaq. Bununla yanaşı, Əliqismət Lalayev qəhrəman obrazlarını yarada biləcək, səs imkanları ilə seçilən gənc və istedadlı aktyor-vokalistlərə ehtiyac olduğunu də bildirmişdir. Bu arzu ilə teatra müraciət edən gənclər arasında da seçim keçiriləcəkdir. - Artıq teatr 108-cı mövsümünü yaşayır. Biz teatrda yaradıcılıq işlərinin yüksək səviyyədə qurulması üçün bütün qüvvəmizdən istifadə etməyə çalışırıq - bu sözləri də Əliqismət Lalayev söyləmişdir.