“İnklüziv teatr” layihəsinin iştirakçıları ilə ilk görüş keçirildi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında YUNESKO tərəfindən təsdiq edilən "İnklüziv teatr” layihəsi üçün onlayn kastinq yolu ilə seçilən eşitmə məhdudiyyətli uşaq və gənclərin iştirakı ilə teatr rəhbərliyinin ilk görüşü keçirildi.
Görüşü giriş sözü ilə açan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev burada fəaliyyət göstərən teatr studiyasının nəzdində yaradılan "İnklüziv teatr” barəsində tədbir iştirakçılarına ətraflı məlumat verdi, qarşıda duran vəzifələrdən danışdı və yadıcı heyətə uğurlar arzuladı.
Daha sonra o, teatr studiyasının bədii rəhbəri görkəmli teatr və kino aktrisası, Xalq artisti Şəfiqə xanım Məmmədovanın salamlarını toplaşanlara yetirdi. Layihənin baş prodüseri, teatrın beynəlxalq layihələr üzrə koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov, tanınmış aktyor, Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov da "İnklüziv teatr” haqqında öz fikirlərini görüş iştirakçıları ilə bölüşdülər.
"İnklüziv teatr” layihəsində iştirak etmək üçün seçilən gənclər arasında "Səssiz dünya" işarət dilində danışan əlillərə və idmançılara dəstək ictimai birliyinin təsisçisi, videobloger, vayner, müxtəlif maarifləndirici sosial çarxların müəllifi kimi yaxşı tanınan Mahmud Səfərov və həmin ictimai birliyin sədri Aida Səfərova layihə iştirakçıları adından bu maraqlı işə görə öz təşəkkürlərini bildirdilər. Qeyd olundu ki, bu layihədə həmin birliyin üzvləri üstünlük təşkil edirlər.
Bakı Uşaq və Gənclər Teatrının aktyoru, tanınmış illüziyaçı Tofiq İsgəndərli də görüşdə çıxış edərək yaradıcı kollektivə uğurlar arzuladı, bu humanist və gözəl layihədə yaxından iştirak edəcəyini və öz dəstəyini əsirgəməyəcəyini bir daha xatırlatdı.
Qeyd edək ki, teatrın "Yaradıcılıq studiyası”nın tərkibində fəaliyyətə başlayan "İnklüziv teatr” layihəsinin kollektivi ilə görüşlər və təlimlər əsasən onlayn şəkildə, pandemiyanın tələb etdiyi qaydalara əməl edilməklə aparılacaq.