Musiqili Teatr Sumqayıtda çıxış edib
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi mayın 16-da "Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının səhnəsində teatrsevərlərə məşhur özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" iki hissəli komediyasını təqdim edib. Tamaşadan öncə Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti Firudin Məhərrəmov çıxış edərək Respublika Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən festivalın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr oluduğunu diqqətə çatdırıb. F. Məhərrəmov mayın 19-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, İran, Gürcüstan, Meksika, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivlərinin də iştirakını və bu cür beynəlxalq tədbirlərin mədəniyyətlərin yaxınlaşmasına, teatr kollektivləri arasında işgüzar əlaqələrin qurulmasına xidmət etdiyini vurğulayıb. Rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda təqdim edilən bu dinamik hadisələr, gözlənilməz və qəhqəhə dolu situasiyalarla zəngin "Molla Nəsrəddinin beş arvadı” tamaşası Sumqayıt teatrsevərləri tərəfindən sürəkli alqışlarla qarşılanıb. Quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva olan bu məzmunlu səhnə əsərində rolları Respublikanın Əməkdar artistləri Əkbər Əlizadə, Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Ağaxan Şərifov, Pərviz Məmmədov, Fərid Rzayev ifa edirdilər. Musiqili Teatrın Mətbuat xidmətindən bildirilib ki, sonda Sumqayıtlı tamaşaçılar maraqla izlədikləri bu komediya haqqında xoş təəssüratlarını dilə gətiriblər və aktyorlarla xatirə şəkilləri çəkdiriblər. "Zamanla səsləşən və professional aktyor heyətinin ifasında təqdim edilən bu tamaşa çox gözəl idi... Çox böyük zövq aldıq. Hətta mən deyərdim ki, burada vurğulanan incə və sətiraltı mənalar cəmiyyətə bir ismarıcdır, qadın hüquqlarının qorunmasına çağırışdır”, -deyə Sumqayıt şəhəri, 22 saylı məktəbin ədəbiyyat müəlliməsi Ceyran Əliyeva bildirib. Tamaşadan sonra Azərbaycan Dövlət Musiqili Teatrının rejissoru Əsgər Əsgərova maraqlı, düşündürücü və heç zaman aktuallığını itirməyən bu dəyərli tamaşaya görə Beynəlxalq Teatr Festivalının diplomu təqdim olunub.