Musiqili Teatrda “Nuri-didə Ceyhun”un növbəti premyerası olacaq

Mayın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün möhtəşəm premyerası Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə təqdim olunacaq. İdeya müəllifi Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev və quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanıb. Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəylinin obrazının canlandırılacağı tamaşa onun məşəqqətli mühacirət həyatından, Cümhuriyyətimizin keçdiyi çətin, lakin şərəfli mübarizə yolundan bəhs edir. "Nuri-didə Ceyhun” pyesində hadisələr konkret bir tarixi şəxsiyyət ətrafında cərəyan etsə də, qürbət eldə yaşayan bütün mühacir soydaşlarımızın ümumiləşdirilmiş obrazı səhnəyə gətirilir. Tamaşada Azərbaycanı müstəqil ölkə və dövlət olaraq tanıtmaq üçün Paris Sülh Konfransına ezam olunmuş vətənpərvərlər dəstəsinin fəaliyyəti önə çəkilir. Fransada Yurd həsrətli yuxuları ilə təskinlik tapan Ceyhun Hacıbəyli anasının intizarına, həyat yoldaşı Zöhrənin istəyinə, qardaşı Üzeyirin çağırış məktublarına və bütün digər təkidlərə baxmayaraq, doğma diyarına geri dönmür. Səbəb isə gün kimi aydındır... Qardaşı Üzeyir Hacıbəylinin təhdidlərə məruz qalacağından qorxurdu. İztirab dolu həyatında bir-birinin ardınca verdiyi itkilər, psixoloji cəhətdən aldığı zərbələr nəticəsində ömrünün sonuna qədər mühacir həyatı sürür. Keçirdiyi bütün sarsıntılara baxmayaraq Ceyhun tamaşanın sonuna qədər mübariz ruhu ilə sabaha ümidini itirmir. Premyerada rolları Əməkdar artistlər Nəsibə Eldarova, Pərviz Məmmədrzayev, Şövqi Hüseynov, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev, Firuz Məmmədov və Şaban Cəfərov ifa edəcəklər. Tamaşada böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazi və başqa bəstəkarların musiqilərindən istifadə olunmuşdur. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşovdur.

Tarix: 22.05.2018