Musiqili Teatrın aktyoru ad gününü necə qeyd etdi?!
Bu gün Azərbaycan Dövlət Musiqili Teatrının solisti, tamaşaçıların sevimlisi, Respublikanın əməkdar artisti Əkbər Əlizadənin ad günüdür. O, 23 may 1977-ci ildə Bakıda dünyaya gəlib. Ömrünü yaradıcılığa həsr edən istedadlı və peşəkər aktyor 1994-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyətə başlayıb. İndiyə qədər Teatrda ifa etdiyi saysız-hesabsız rolları ilə tamaşaçıların rəğbətini qazanan, özünü bu sənət ocağına bağlı olduğuna görə xoşbəxt sayan peşəkar aktyor bu gün ona ünvanlanan ad günü təbriklərinə görə teatrın rəhbərliyi başda olmaqla, yaradıcı heyətə və onu sevənlərə təşəkkürünü bildirib: "Mən artıq dünəndən ad günü abı-havasınındayam, dostlarım, həmkarlarım, pərəstişkarlarım, çalışdığım televiziyanın işçiləri və izləyicilərimdən təbrik mesajları almağa başlamışam. Amma mənim üçün ən gözəl ad günü hədiyyəsi Musiqili Teatrın kollektivinin sevgisi ilə əhatə olunmağımdır. Bu da səbəbsiz deyil... Artıq bu il sentyabr ayının 15-də mənim səhnə fəaliyyətimin 25 ili tamam olacaq. Bir aktyor üçün bundan böyük xoşbəxtlik ola bilməz. Özümə biri-birindən maraqlı və gözəl rollar arzulayıram... Və mənə hər zaman yaradıcılıq fəaliyyətimdə dəstək olan Musiqili Teatrın direktoru Əliqismət Lalayevə təşəkkürlərimi bildirirəm”.