Musiqili Teatrın dirijoru Beynəlxalq Festivala dəvət alıb
1 iyul 2018-ci il tarixində Qırğızıstanın paytaxtı Bişkekdə Qırğızıstanın Prezident Aparatı, Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi və "Prima” İctimai Fondunun birgə təşkilatçılığı ilə "TENGRI Music - 2018” IV Beynəlxalq Klassik Musiqi Festivalı keçiriləcək. Hər il Bişkekin Qələbə parkında açıq səma altında düzənlənən bu festivalda Avstriya, Rusiya, Yunanıstan, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın tanınmış sənətçiləri iştirak edir və dünya səviyyəli klassik musiqi nömrələrini təqdim edirlər. Bu dəfə "Prima” fondunun rəhbəri Viktoriya Yurtayeva festivala Azərbaycan Dövlət Musiqili Teatrının gənc və istedadlı dirijioru Orxan Həşimovu dəvət edib. Nəzərdə tutulan proqramda Orxan Həşimov rusiyalı həmkarı Valentin Uryupin ilə Qırğızıstan Respublikasının Prezident Kamera Orkestri - "Manas”-ın müşaiyəti ilə konsertə drijorluq edəcək. Qeyd edək ki, 2017-ci ildə Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirən Orxan Həşimov gənc olmasına baxmayaraq, indiyə qədər bir çox müsabiqə və festivallarda - 2015-ci ilin may ayında Moskvada keçirilən "Musical Art” beynəlxalq müsabiqəsində diploma layiq görülmüş, həmin ilin noyabrında Budapeştdə keçirilən Antal Dorati adına Beynəlxalq Drijorluq müsabiqəsində I yerə çıxmış, 2016-cı ildə Kremldə "Мелодика поколений” festivalında isə Rusiya Federasiyasının Prezident orkestri ilə debüt konserti verərək diploma layiq görülmüşdür. Hal-hazırda Azərbaycan Dövlət Musiqili Teatrında çalışan gənc dirijor Moskva Konservatoriyasının Simfonik orkestri, Moskva Konservatoriyasının Opera Teatrının Simfonik Orkestri, Rusiya Federasiyasının Simfonik Orkestri, Polşanın Gdansk şəhərində F.Şopen adına Polşa-Baltik Simfonik orkestri və Budapeşt MAV simfonik orkestri ilə əməkdaşlıq edir.