İran Teatrının tamaşası Musiqili Teatrda
27 iyun - 1 iyul 2018-ci il tarixində ölkəmizdə "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018-2021-ci illər üçün Mədəni Mübadilə Proqramı”na əsasən İran İslam Respublikasının Mədəniyyət Günləri keçiriləcək.
Mədəniyyət Günləri çərçivəsində 28 və 29 iyun tarixlərində saat 19:00-da Musiqili Teatrda İran İslam Respublikasının Titovak Teatrının aktyorlarının ifasında "İlahi Komediya. Cəhənnəm” (ssenari müəllifi və rejissoru İbrahim Poştkuhi) tamaşasının nümayişi nəzərdə tutulur.
Qeyd edək ki, bu yaxınlarda İran İslam Respublikasının Titovak Teatrı ilk dəfə ölkəmizdə "Sərhədsiz teatr” III Şəki Beynəlxalq teatr festivalı çərçivəsində V.Şekspirin "Maqbet” faciəsinin motivləri əsasında hazırlanan "Maqbet-Zar” (İbrahim Poştkuhi, Behranq Abaspur) tamaşasını uğurla təqdim etmiş, münsiflər heyəti və teatrsevərlər tərəfindən rəğbətlə qarşılanmışdır. Modern üslubda işlənən bu tamaşa İranın cənubundakı əfsanələşmiş adət-ənənələrə yeni tərzdə bir baxışdır.
"1997-ci ildə İranın Hörmüzgan vilayətinin Bəndər Abbas şəhərində fəaliyyətə başlayan Titovak teatrı bir çox beynəlxalq teatr arenalarda sənətsevərlər tərəfindən alqışlarla qarşılanmış, o cümlədən XI və XVII "Fəcr Beynəlxalq Teatr festivalı”ndamüxtəlif nominasiyalar üzrə mükafatlaralayiq görülmüşdür. Hal-hazırda da bu teatrın quruluş və ifasında olan müxtəlif səhnə əsərləri - "Qırmızı çıraq”, "Yelkənsiz qayıqlar”, "Biz qayıdanda iki ayaq asılı qalıb”, "Lor kişi”, "Ali fati”, "Unudulmuş evin rənglənməsi”, "Akula suyun üzərindəki dəniz quşunu necə yedi”, "Əzmə vaxtı”, "Qanın dövr etməsi kitabı”, "Mərifətdə eşqin həqiqəti”, "Yalnız it bilir ki, niyə hürür”, "Üsyankar bir ruhun satılması” və s. tamaşaları dünyanının bir çox nüfuzlu teatr məkanlarını dolaşmaqdadır”, - deyə bu teatr haqqında məlumat verən Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev Titovak Teatrı barədə ətraflı məlumat verərək əminliklə bildirmişdir ki, rejissor İbrahim Poştkuhinin "İlahi komediya. Cəhənnəm” əsəri də baxanların marağına səbəb olacaq.