Musiqili Teatrda yeni tamaşaya baxış keçirilib

Azərbaycan Dövlət Musiqili Teatrında ssenarisi və quruluşu teatrın əməkdaşı Sevda xanım Məmmədovaya məxsus olan "Əsarətdən cəsarətə” adlı tamaşaya baxış keçirilib.

Tamaşanın süjet xəttində dövrün ən aktual problemlərindən biri - cəmiyyətdə insanların səhhətinə, psixoloji durumuna, sosial-iqtisadi vəziyyətlərinə neqativ təsir göstərən, cinayətlərin ilbəil artmasına gətirib çıxaran narkomaniyanın törətdiyi fəsadların bir gənc ailənin faciəsinə necə yol açdığı göstərilir.

"Fərid və Pərvin maddi sıxıntı çəksə də, sakit və firavan ömür sürürdülər. Bu cütlüyün yaşam düzənini pozan səbəb isə ailə başçısının narkotik vasitələrdən asılılığı - böyük dərdə mübtəla olmasıdır. Sanki zaman ötdükcə qəlbinə iblis girmiş bu insanın davranışı, həyat tərzi, ailə-uşağa qarşı münasibəti tədricən dəyişilir. Vaxtı ilə əziz və dəyərli varlıq saydığı sevimli qadını da artıq onun üçün arxa plana keçir, narkotik vasitələrin verdiyi həzz hər şeydən və hamıdan üstün olur. Hətta Pərvin də ərini dəhşətli bəladan xilas edə bilmir, əksinə, iblisləşmiş ər vaxti ilə həyatının mənası, canı–ciyəri olan Pərvinə də əl qaldırır, öz cavan ömrünə balta çaldığı kimi, onun da qatilinə çevrilir. Narkomaniya - elə bəladır ki, ondan qurtuluş yoxdur, geriyə dönüşü olmayan yoldur. Tamaşadagənclərimizə bədii vasitələrlə çatdırmaq istəmişəm ki, ümumiyyətlə, pis vərdişlərdər uzaq olsunlar, xərçəng kimi iradələrinə sarılan "narkomaniya” adlı xəstəliyə düçar olmasınlar və beyinlərindəki düşünmə mexanizmini dəyişdirən, pis yola sürükləyən"iblis”dən uzaq dayansınlar. Qeyd edim ki, tamaşa Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "Cəzaçəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan müsabiqədə qalib gəlib, Quba və Qusar rayonunda gənclər qarşısında nümayiş olunub”-deyə Sevda Məmmədova bildirib.

Teatrın ədəbi hissə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova səhnə əsərinin nümayişindən sonra yaradıcı heyət və tamaşa barədə fikirlərini bildirib: "Tamaşanın mövzusu çox aktualdır. Cəmiyyətin bəlası olan narkomaniyaya qarşı hamımız birgə mübarizə aparmalıyıq. Ən yaxşı üsullarından biri də yeniyetmə və gənclər arasında maariflənmə işlərininin aparılmasıdır. Bu tamaşa orta məktəblərin yuxarı sinif şagirdləri və gənclər üçün nəzərdə tutulan ən effektli təbliğat vasitəsi ola bilər. Qoy, gənclərimiz bu bəladan uzaq olsun, sağlam yaşasınlar. Əgər uçurumun kənarındadırlarsa, geri çəkilsinlər... Tamaşadan alınan nəticə budur.”

Tarix: 19.09.2018