Musiqili Teatr Beynəlxalq Festivalda 3 tamaşa ilə çıxış edəcək

18-26 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Azərbaycan Dövlət Musiqili Teatrı bu dəfə belə bir mötəbər tədbirdə dahi bəstəkarın ölməz əsərlərini – "Arşın mal alan”, "O olmasın bu olsun” və böyük Hacıbəylilər nəslinin həyatından bəhs edən "Nuri-didə Ceyhun” (Əli Əmirli) tamaşasını nümayiş etdirəcək.

"Üzeyir Hacıbəyli Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biridir. Müsəlman şərqində novatorluğu ilə seçilən, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi olan bu dahi şəxsiyyət adını qızıl hərflərlə tarixə yazdırıb. Onun əsərləri dünya musiqisinin incilərindən sayılır. Hal-hazırda kollektivimiz Ü. Hacıbəyli X Beynəlxalq Musiqi Festivalına xüsusi hazırlaşıb. Festival tədbirləri çərçivəsində 3 tamaşa ilə çıxış edəcəyik. 22 sentyabr eyni zamanda teatrımızın 109-cu mövsümünün açılış günüdür. Teatrımız öz pərdələrini "Arşın mal alan” operettası ilə açacaq. Sentyabrın 23-də "Nuri-didə Ceyhun” (Ə.Əmirli), 26-da isə "O olmasın bu olsun” (Ü.Hacıbəyov) tamaşaları ilə saat 19:00-da teatrsevərlərin görüşünə gələcəyik ”, - deyə Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev söyləyib.

Tarix: 20.09.2018