Musiqili Teatrın aktrisası ad günündə premyera oynadı

Musiqili Teatrın solisti, istedadlı aktrisa Mehriban Zalıyeva ad gününü onu sevən doğma kollektivin əhatəsində - səhnədə qarşılayıb. Mehriban xanım Xalq artisti, görkəmli bəstəkar Emin Sabitoğlunun eyniadlı operettası əsasında Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluş verdiyi "Bir dəfə Bağdadda” musiqili komediyasında Leyla obrazını canlandırıb. 

"Bu, mənim ən yaddaqalan ad günümdür. Tamaşaçıların sürəkli alqışlarla qarşıladığı premyeranı isə ad günümə ən böyük hədiyyə kimi qəbul edirəm. Bir akyor üçün bundan dəyərli heç nə ola bilməz. Teatr rəhbərliyi başda olmaqla, məni təbrik edən doğma kollektivə, dostlarıma, yaxınlarıma dərin təşəkkürümü bildirirəm” - deyə M.Zalıyeva bildirib. 

Qeyd edim ki, Mehriban Zalıyeva 12 oktyabr 1977-ci ildə Bakı şəhərində dünyaya göz açıb.  Bakı Musiqi Akademiyasının Solo oxuma fakultəsini bitirdiyi 2006-cı ildən Azərbaycan Dövlət Musiqili Teatrında artist-vokalist vəzifəsində çalışır. İşlədiyi müddətdə R.Mirişlinin ”Qısqanc ürəklər” (Səbinə), S.Ələsgərov və İ.Məlikzadənin "Kələkbazlar” (Qəndab), S.Fərəcov və Ə.Əmirlinin "Səhnədə məhəbbət” (Müğənni qız), O.Rəcəbov və A.Babayevin "Əlin cibində olsun” (Lalə), C.Quliyev və Ə.Əmirlinin "Yeddi məhbusə anası” (Şöhrət, Qüdrət), Ü.Hacıbəylinin "Arşın mal alan” (Asya), R.Şəfəq və V.Ziminin ”Yağış göbələyinin məcarası” (Tülkü bacı), R.Ağayeva və A.Xaytın "Bir dayan canavar” (Qırmızı papaq), H.X.Andersonun "Düyməcik” (Düyməcik), V.Orlovun "Qızıl cücə” (Bim), E.Sabitoğlu və Y. Şvartsın "Qırmızı papaq” (Dovşan, Qırmızı papaq),  J.B. Molyerin "Skapenin kələkləri” (Giasinta) və başqa tamaşalarda əsas rolları ifa etmişdir. 

Tarix: 13.10.2018