Musiqili Teatrda uşaqlar üçün
Hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr payız tətili günlərində balaca teatr həvəskarlarını sevindirməkdə davam edir.
Teatrın kollektivi həmişə olduğu kimi, bu dəfə də onların tətil vaxtlarının şən və əyləncəli keçməsini nəzərə alıb. Artıq dünəndən başlayaraq "Yağış göbələyinin macərası” (R.Şəfəq,V.Zimin) tamaşası teatrın səhnəsində 3 dəfə göstərilib və uşaqlar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, noyabr ayının 18-də saat 12:00-da "Qızıl cücə” (V.Ulanovski, V.Orlov) və həmin gün saat 15:00-da "Qoğalın məcarası” (Rus xalq nağılı) tamaşaları nümayiş olunacaq.
Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, Anton Ferştandt, aktyorlar Rauf Babayev, Yulya Heydərova, Əliməmməd Novruzov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Emil Heydərov, Pərviz Məmmədov, Eleanora Mehdiyeva, Mehriban Rəcəbova, Valeriya İsgəndərzadə, Roman Krasnov, Murad Əliyev və başqalarının ifa etdikləri maraqlı rollar balaca tamaşaçıları əsil möcüzələr aləminə aparacaq.
Tətil günlərini övladları ilə birlikdə xoş ovqatla və yaddaqalan keçirmək istəyənlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.