Tanınmış teatr xadimi haqqında sənədli film hazırlanıb
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dövlət Xoreoqrafiya Akademiyasının dosenti, Dövlət Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayevin 65 yaşı tamam olur. Bununla bağlı tanınmış teatr xadimi və alim barədə sənədli film hazırlanıb.
Əliqismət Hümmət oğlu Lalayev iyulun 4-də Salyan şəhərində anadan olub, Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Naxçıvana göndərilib. Əvvəlcə Muxtar Respublikanın Mədəniyyət Nazirliyində, sonra isə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb. Bu sənət ocağının səhnəsində maraqlı obrazlar yaradıb, rejissor kimi tamaşalara quruluş verib. İstedadlı rejissorun hazırladığı tamaşalar barədə dövrü mətbuatda görkəmli alim, teatr tənqidçilərinin və jurnalistlərin məqalələri dərc edilib, həmin resenziyalarda Əliqismət Lalayevin Naxçıvanın teatr mühitinə yeni bir nəfəs gətirdiyi qeyd olunub, rejissor yozumu yüksək qiymətləndirilib.
Həm istedadlı rejissor, həm də bacarıqlı teatr təşkilatçısı kimi tanınan Əliqismət Lalayev bir müddət Müslim Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini vəzifəsində çalışıb, uzun illər Mədəniyyət Nazirliyinin İncəsənət Baş İdarəsinə, Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinə rəhbərlik edib. Xarici ölkələrdə keçirilən nüfuzlu teatr festivallarının münsiflər heyətinin üzvü olub.
Əməkdar incəsənət xadimi Əliqismət Lalayev 2008-ci ilin mayından Azərbaycan Dövlət Akademik Musiqli Teatrına rəhbərlik edir. Mədəniyyət tariximizdə mühüm yeri olan bu sənət məbədi ötən illər ərzində təkcə adını yox, statusunu dəyişib, nüfuzu daha da artıb. Dövlət Akademik Musiqili Teatrı Azərbaycanı xarici ölkələrdə keçirilən festivallarda layiqincə təmsil edib. Teatrın aktyor və solistləri nüfuzlu sənət yarışmalarının qalibi olublar.
Tanınmış teatr təşkilatçısı və dəyərli alimin mənalı ömür yolundan bəhs edən "Ömrümü sizə vermişəm” sənədli filmində Xalq artistləri Təranə Muradova və İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, professorlar Əli Əmirli, Məryəm Əlizadə və İlham Rəhimli, ailə üzvləri Əlimədət Lalayev, Ülvü Cəfərov Əliqismət Lalayevin 65 illik ömrünə nəzər salıblar.
Filmin quruluşçu rejissoru Samir Qulamovdur.