Afaq Bəşirqızı Akademik Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı "8 mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə 6 və 8 mart tarixlərində saat 19:00-da xanımlara hədiyyə olaraq görkəmli yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış” komediyasını təqdim edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, milyonların sevimli gülüş ustası, Xalq artisti, "Şöhrət ordenli” Afaq Bəşirqızının iştirakı ilə nümayiş olunacaq bu tamaşa onun çoxsaylı pərəstişkarlarına əsl bayram hədiyyəsi olacaq.
Quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov olan tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Ruslan Mürsəlov, Fərid Rzayev, Ağaxan Şərifov da iştirak edəcəklər. Tamaşanın baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Afaq Bəşirqızının yaradıcılığının vurğunu olan hər kəsi bu tamaşaya dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən və "iticket.az” saytından əldə edə bilərlər.