“Ər və arvad” növbəti dəfə maraqla qarşılanıb
Milli teatrımızın yaranmasının 146–cı ildönümü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin "Ər və arvad” musiqili komediyası təqdim olunub.
Tamaşanın nümayişindən öncə çıxış edən teatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı ötən mövsümdə qazanılan uğurlar, görüləcək işlər və yeni tamaşalar haqqında məlumat verib.
O deyib ki, Milli Teatr Gününü yeni-yeni tamaşanın premyerası ilə tarixə çevirmək Azərbaycan Dövlət Akademik Musiqili Teatrında artıq ənənəyə çevrilib. Azərbaycan Dövlət Musiqili Teatrının əsası 1910-cu ildə məhz böyük Üzeyir Hacıbəylinin "Ər və arvad” ikihissəli musiqili komediyası ilə qoyulub: "Fürsətdən istifadə edib kollektivi bu gün münasibətilə təbrik edir, sənət ocağına "Akademik” statusun verilməsinə görə isə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm.
Sonra dahi Üzeyir Hacıbəylinin "Ər və arvad” ikihissəli musiqili komediyası tamaşaçılara təqdim olunub.
Tamaşada rolları Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Hüseyn Əlili ifa edib.
Sonda mədəniyyət naziri Əbülfəs Qarayev yaradıcı kollektiv ilə görüşüb, onları həm bu əlamətdar gün münasibətilə, həm də sənət ocağına yeni "Akademik” statusun verilməsi münasibətilə təbrik edib. O, teatr sahəsində görülən işlər və yeniliklərdən danışıb: "Azərbaycanda Milli Teatrın yaranmasından 146 il ötür. Demək olar ki, bu sənət ocağı 110 illik yubileyi ərəfəsindədir. Teatr Prezidentin müvafiq Sərəncamı ilə "Akademik” adına layiq görülüb. Bu, kollektivin üzərinə böyük məsuliyyət qoyur. Ərsəyə gələn tamaşalar, həyata keçirilən layihələr mahiyyət və keyfiyyətcə tamaşaçıların zövqünə uyğun və yüksək səviyyədə qurulmalıdır”.