Akademik Musiqili Teatrda “Beş manatlıq gəlin”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti musiqisi böyük bəstəkar, Xalq artisti Səid Rüstəmova, librettosu görkəmli yazıçı Məmməd Səid Ordubadiyə məxsus olan "Beş manatlıq gəlin” komediyasının məşqlərinə başlayıb.

Qeyd edək ki, bu əsər Akademik Musiqili Teatrında 1940-cı ildən 1994-cü ilə qədər müxtəlif rejissorların quruluşunda bir neçə dəfə səhnəyə qoyulub. Bu dəfə isə quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov "Beş manatlıq gəlin”ə müraciət edib.

Tamaşanın süjet xəttindəki hadisələr məişət mövzusunda olsa da, geniş və dərin məna çalarları ilə, gözlənilməz və komik vəziyyətlərlə xoş ovqat yaradır.  Burada saf sevgiyə maneə olan köhnəfikirli və dardüşüncəli mənfi obrazların gülüş hədəfinə çevrilməsi isə tamaşada maraqlı situasiyalar yaradır.

Səhnə əsərində Kəblə Hüseynəli, Səlbi, Naznaz, Nadir, Qiyas, Gülnaz, Tahir, Möhsün obrazlarını Xalq artistləri – İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər – Novruz Əliyev, Əkbər Əlizadə, aktyorlar – Möylə Mirzəliyev, Nadir Xasıyev, Elxan İsmayılov, Ağaxan Şərifov, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasıyev, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Əmrah Dadaşov, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva ifa edəcəklər.   

Xor və balet artistlərinin də iştirak edəcəyi duzlu-məzəli tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevalar, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsetmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.

Tarix: 13.03.2019