Akademik Musiqili Teatrında “Paris Notr-Dam kilsəsi”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə dünya şöhrətli fransız yazıçısı, böyük dramaturq, şair, publisist Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu rejissor Samir Qulamova məxsus olan eyniadlı müziklın məşqlərinə başlayacaq.
Qeyd edək ki, Fransa və İtaliyanın məşhur müğənni-bəstəkarı Riccardo Koççante ilk dəfə "Notre-Dame de Paris” müziklını 16 sentyabr 1998-ci ildə Parisdə Fransa və Kanadanın lirik şairi Luk Plamondonun eyniadlı libretosu əsasında yaratmışdır. Elə həmin il ilk nümayişindən sonra qısa vaxt ərzində qazandığı böyük uğurlarına və populyarlığına görə bu müzikl Ginnesin "Rekordlar” kitabına daxil olub. 2000-ci ildə Fransanın Mogador teatrında bu musiqi əsərinin orijinalına dəyişikliklər edildikdən sonra dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatrlarında nümayiş olunmuşdur, eləcə də qısaldılmış amerikan versiyası Las-Veqasda, ingilis versiyası isə Londonda start götürmüşdür.
Akademik Musiqili Teatrının yeni layihəsi olan tamaşada təkcə Rikkardo Konççantenin deyil, Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın və Alman bəstəkarı Karl Orffun musiqilərindən də istifadə olunacaq.
Tamaşanın süjet xəttinin əsas qayəsində xeyirxahlıq, sevgi və mərhəmət hislərinin təcəssümü durur. Dünyanın xilas yolunu ülvi hisslərdə axtaranlar dramatik və faciəvi səhnələrin yer aldığı maraqlı və ibrətamiz situasiyalarla zəngin səhnə əsərində həyatın özünü tam çılpaqlığı ilə görə biləcəklər.
Əsərdə Esmeralda, Kvazimodo, Keşiş, Qrequar, Təlxək, Culyan Qoşer (Baş Nazir), Lüdovik, Qaraçı qadın, Qaraçı oğlan obrazlarını Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər – Şövqi Hüseynov, Səidə Şərifəliyeva, aktyorlar – Nadir Xasıyev, Elxan İsmayılov, Əliməmməd Novruzov, Rauf Babayev, Mehriban Zaliyeva, Nicat Həbibov, Aydan Həsənova, Telnaz Hüseynova, İbrahim Əlizadə, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Fərid Rzayev, Atəş Qarayev, Elnarə Nağdəliyeva ifa edəcəklər.
Xor və balet artistlərinin də iştirak edəcəyi tamaşanın quruluşçu dirijoru və musiqi redaktoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevalar, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənovdur.