Akademik Musiqili Teatrda istehsalat müşavirəsi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bədii Şuranın geniş tərkibdə yığıncağı keçirilib. Müşavirədə Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev teatrın qarşısında duran vəzifələrdən və həlli vacib məsələlərdən danışıb, iş prosesində yol verilən bəzi ciddi nöqsanların aradan qaldırılması barədə kollektivlə birlikdə müzakirələr aparıb.
Teatr rəhbəri çıxışında ölkə başçısının 5 mart 2019-cu il tarixli "Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik” statusu verilməsi haqqında” Sərəncamınından sonra sənət ocağının əməkdaşlarında ruh yüksəkliyinin daha da artdığını qeyd edib. O, Akademik Musiqili Teatrının kollektivinin bundan sonra da dövlət əhəmiyyətli tədbirlərdə, qastrol səfərlərində, müsabiqələrdə fəal iştirakının zəruriliyini xüsusi vurğulayaraq, yol verilən bəzi ciddi nöqsanlara görə iradlarını da bildirib. Teatrda çalışan hər kəsin qurumun daxili qayda-qanunlarına, nizam-intizam qaydalarına əməl etməsinin vacibliyini diqqətə çatdırıb.
Teatrın aktrisası, "Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızı çıxış edərək, aktyorlara özünün səhnə təcrübəsindən bəzi məsləhətlər verib. Aktrisa xüsusi qeyd edib ki, teatrın Akademik statusu alması, aktyorların maddi rifahının yüksəldilməsi, ölkə başçısı tərəfindən incəsənətə, teatra verilən yüksək dəyərdir.
İclasda daha sonra Teatrın baş inzibatçısı Sücəddin Sadiyev, rejissor assistentləri - Elməddin Dadaşov və Sevinc Məmmədova çıxış edərək iş prosesi zamanı yaranan çətinliklərdən və qarşıya çıxan problemlərin birgə həlli yolları barədə müzakirələr aparıblar.
Yığıncaqda teatra tamaşaçı axınının günbəgün artdığını və insanların mənəvi zövq alması üçün məhz, Akademik Musiqili Teatrı seçməsini nəzərə alaraq, repertuardakı tamaşaların siyahısında daim yenilənmənin vacibliyi söylənildi.
Sonda teatrın qarşısında duran gələcək planlar, repertuarda olan tamaşaların keyfiyyətinin artırılması, tamaşaçıların zövqünə uyğun və müasir dövrlə səsləşən səhnə əsərlərinin hazırlanması və s. məsələlər qarşılıqlı dialoq və diskusiya şəklində müzakirə olundu.
Problemlərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi və səsləndirilən müxtəlif təklifləri nəzərə alaraq, belə müzakirələrin davamlı olmasının vacibliyi vurğulandı.