Əliqismət Lalayev MDB - nin XIV Humanitar forumunda
May ayının 14-də Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının "Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq” mövzusunda XIV forumu işə başlayıb.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev də dünən Türkmənistan Respublikasına yola düşən Azərbaycan ziyalılarından ibarət 11 nəfərlik nümayəndə heyətinin tərkibinə daxildir.
Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Moldova və Ermənistandan 200-dək nümayəndənin iştirak etdiyi Forum çərçivəsində keçiriləcək plenar və bölmə iclaslarında elm, təhsil və mədəniyyət xadimləri MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri, təhsil sahəsində yeni əməkdaşlıq məsələləri, gənclərlə iş üzrə innovasiyalar və mədəniyyətlərarası dialoqun formalaşması barədə fikir mübadiləsi aparacaqlar.
Forum öz işini mayın 17-də MDB-də keçirilən Kitab İli ilə əlaqədar yeni nəşrlər və kitab mübadiləsi, "Humanitar sahədə Avrasiya əməkdaşlığı” təşəbbüsü problemlərinin müzakirəsi, həmçinin, MDB-nin əsas dövlətlərarası mükafatı – "Birlik ulduzları”nın təqdimat mərasimi ilə başa vuracaq.