Şakir Eminbəyli: “Qəbələdə Akademik Musiqili Teatrın gəlişini səbirsizliklə gözləyirlər”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ramazan bayramı münasibətilə geniş heyətlə Qəbələdə qastrol səfərində olacaq. Teatr iyun ayının 5-də saat 19:00-da Qəbələ Konqress Mərkəzində milyonların sevimlisi, "Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin "Toya bir gün qalmış” iki hissəli komediyasını nümayiş etdirəcək.
"Voice of Azerbaijan” televiziya agentliyinin və "Gilan Holding”in Qəbələdəki turizm infrastrukturunun ictimaiyyətlə əlaqələr və media məsələləri üzrə rəhbəri Şakir Eminbəyli bu barədə fikirlərini bildirib: "Rayonumuz Akademik Musiqili Teatrı qarşılamağa tam hazırdır. Bu addım yerli sakinlər və turistlər tərəfindən yüksək dəyərləndirilir və onlar həmin günü səbirsizliklə gözləyirlər. Qeyd edim ki, hazırda tamaşaçıların çoxsaylı xahişini nəzərə alaraq, şəhərin bütün mərkəzi küçə və meydanlarında reklam lövhələri yerləşdirilib, hətta üzərində tamaşanın afişaları olan səyyar maşınlar vasitəsilə sakinlərin sıx toplaşdığı yerlərdə bu gözəl tamaşa barəsində ətraflı məlumatlar verilir… Fürsətdən istifadə edib, Akademik Musiqili Teatrın rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə yaratdığı şəraitə görə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, müqəddəs Ramazan Bayramında "Toya bir gün qalmış” komediyası seyr edənlərin yaddaşından silinməyəcək”.