Şəfiqə Məmmədova Akademik Musiqili Teatrda müsabiqə komissiyasına rəhbərlik edəcək
Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bu barədə media nümayəndələrinə açıqlama verib.
"Teatrımız hər il kollektivimizə işçi qəbulu üçün müsabiqə elan edir, istedadlı gənclərin üzə çıxarılmasına və işə qəbulu ilə bağlı onlara şərait yaradır. Ötən ay elan etdiyimiz müsabiqədə onlarla gənc sənəd verib. Sevindirici haldır ki, iddiaçılar arasında təcrübəli aktyorlar, hətta Əməkdar artistlər də vardır. Biz gələn ay növbəti seçim turuna başlayacağıq ki, sentyabr ayında – 110-cu mövsümündə teatrımızı gənc kadrlarla təmin edə bilək.
Ümumiyyətlə, teatrın xor, balet, orkestr və aktyor heyətinə yeni istedadların cəlb olunması teatra yeni nəfəs gətirir, maraqlı tamaşaların ərsəyə gəlməsinə imkan yaradır.
Akademik Musiqili Teatrla sıx əlaqəsi olan teatr və kino sənətimizin görkəmli nümayəndəsi, Xalq artistimiz, Dövlət Mükafatlatı Laureatı, böyük aktrisamız Şəfiqə Məmmədova həmişə bizim fəaliyyətimizlə yaxından maraqlanır, məşq proseslərini və tamaşalarımızı izləyir. Builki müsabiqə komissiyasına belə bir sənətkarımızın rəhbərlik etməsi bizim üçün də yeni perspektivlər açır. Şadıq ki, o, xahişimizi böyük məmnuniyyətlə qəbul etdi. Ümid edirəm ki, Şəfiqə xanımın rəhbərliyi ilə keçiriləcək bu müsabiqənin nəticələri daha da uğurlu olacaq”, – deyə Ə. Lalayev bildirib.