Akademik Musiqili Teatrın 110-cu mövsümündə bu tamaşalar nümayiş olunacaq
Bu il 110-cu teatr mövsümünə qədəm qoyan Akademik Musiqili Teatrın yeni repertuarı zəngin olacaq.
Open.az Teatrın mətbuat katibi Fəridə Aslanovaya istinadən xəbər verir ki, Akademik Musiqili Teatr mövsümü sentyabrın 20-də Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Dahi bəstəkarın ölməz əsəri "O olmasın, bu olsun” musiqili komediyası ilə başlayacaq. Tamaşanın rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Tamaşada Xalq artisti, "Şöhrət" ordenli Afaq Bəşirqızı ilə yanaşı, Təbrizli aktyor, komediya ustası, İranda istehsal olunan film və tamaşalarda yaratdığı obrazlarla tamaşaçı rəğbəti qazanan Babək Nəhreyn çıxış edəcək. Babək Nəhreyn Hambal obrazını ifa edəcək.
Sentyabrın 22 -də Üzeyir bəyin növbəti əsəri "Arşın mal alan" operettası Festival çərçivəsində nümayiş olunacaq.
Sentyabrın 27 -də isə Festival çərçivəsində Akademik Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan İmre Kalmanın ''Silva'' tamaşası nümayiş olunacaq.
Silva obrazında Belarus Respublikasının Əməkdar artisti, Belorusiya Dövlət Akademik Musiqili Teatrın solisti Marqarita Aleksandroviç çıxış edəcək. Qeyd edək ki, Marqarita Aleksandroviç uzun illərdir Belarus Teatrının səhnəsində Üzeyir Hacıbəylinin ''Arşın mal alan" operettasında Gülçöhrə obrazını ifa edir.
Repertuarda olan tamaşalardan başqa, Akademik Musiqili Teatrda yeni beş (5) tamaşa üzərində yaradıcılıq işləri aparılır. Teatr,Qərb ədəbiyyatının klassik nümunələri və retro komediyaları ilə bu mövsüm də tamaşaçılarını sevindirməyi nəzərdə tutub.
Akademik Musiqili Teatrda hazırda, rejissor Samir Qulamovun quruluşunda Vüktor Hüqonun "Paris Notr-Dam kilsəsi” tamaşasının məşqləri gedir. Tamaşa Parisin möhtəşəm tarixi abidələrindən olan və yanğına məruz qalan Notr-Dam kilsəsinə ithaf olunub.
Yeni mövsümdə retro tamaşalarını sevən teatrsevərlər üçün musiqisi Səid Rüstəmov, libretto Məmməd Səid Ordubadiyə məxsus olan "Beş manatlıq gəlin” komediyasını hazırlanır. Tamaşaya, əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov quruluş verib.
Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Stanislav Stratiyevin "Avtobus” pyesi əsasında "Çarəsiz sərnişinlər” əsərini hazırlayır.
Rejissor Əhəd Hacıyev isə gürcü dramaturqu Nodar Dumbadzenin "Mən, Nənəm İliko və İllarion” tamaşasına quruluş verib.
Qeyd edək ki, yeni başlanan teatr mövsümündə bütün tamaşaların məşqləri davam etdiriləcək.
Akademik Musiqili Teatr oktyabrın 10-dan 15-dək Albaniyanın Elbasan şəhərində keçirilən "XXI-ci Skampa Beynəlxalq Müasir Teatr Festivalı" çərçivəsində, absurd teatrın yaradıcılarından biri Semyuel Bekketin ''Qodonun həsrətində'' tamaşası ilə çıxış edəcək.
Tamaşanın musiqilərini Xalq artisti Fərəc Qarayevin bəstələyib. Əsərin quruluşunu Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayevin tələbəsi, əslən Cənubi Azərbaycandan olan Yunis Vəlipur verib.
Yeni mövsümdə Akademik Musiqili Teatrda Xalq artisti Afaq Bəşirqızı tamaşaçıların qarşısına yeni ampluada çıxacaq. Belə ki, oktyabrda Afaq Bəşirqızının iştirakı ilə "İstintaq” tamaşası hazırlanacaq. Tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəm, bəstəkarı Ceyhun Allahverdiyevdir.
Musiqili Teatr noyabrda Balakəndə keçiriləcək III Beynəlxalq Xurma Festivalında da çıxış edəcək.
Xatırladaq ki, sentyabrın 3-də Akademik Musiqili Teatrda 110-cu mövsümün açılışı münasibətilə iclas keçirilib. Kollektivi yeni mövsümdə salamlayan, Teatrın direktoru ,Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev ilk olaraq mərhum sənətkar Məhərrəm Qurbanovun xatirəsinin bir dəqiqəlik sükütla anılması istəyib. Teatrın kollektivi mərhum aktyorun əziz xatirəsini ehtiramla yad edib.
Əliqismət Lalayev vurğulayıb ki, bu günlərdə Akademik Musiqili Teatrda "III-cü Beynəlxalq M.A.P Teatr Festivalı" çərçivəsində Bakıda qastrol səfərində olan Rusiyanın E.Vaxtanqov adına Akademik Dövlət Teatrı çıxış edib, növbəti ay isə ənənəvi Bakı Caz Festivalının da bu məkanda keçirililməsi nəzərdə tutulub.
Əliqismət Lalayev tətil günlərində Teatrın balet truppasının Türkiyənin Bayburt şəhətində təşkil olunan "XXV-ci Dədə Qorqud Festivalında" etdiyi uğurlu çıxışdan da danışıb və əlavə edib ki, Akademik Musiqili Teatr yeni mövsümdə maraqlı tamaşalara imza atacaq.