Belarus Respublikasının Əməkdar artisti Akademik Musiqili Teatrda
27 sentyabr saat 19:00-da Akademik Musiqili Teatrda Ü.Hacıbəyli XI Festivalı çərçivəsində Macar bəstəkarı İmrə Kalmanın "Silva” əsəri təqdim ediləcək. Tamaşada Belarus Respublikasının Əməkdar artisti, Belorus Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Aleksandroviç teatrın rus bölməsinin aktyorları - Əməkdar artistlər - Boris Qrafkin, Svetlana Bulax, aktyorlar - Emil Heydərov, Firus Məmmədov, Rauf Babayev, Telnaz Hüseynova, Nicat Əli, Aydan Həsənova, Elməddin Dadaşov, Murad Əliyev ilə birgə eyni səhnəni paylaşacaq. Qeyd edək ki, dünyaca məşhur olan bu əsərin süjet xəttini saf, təmiz sevgi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan böyük sevgi ətrafdakılar, xüsusi ilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Və məhz bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir. Tamaşanın quruluşçu-rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu-baletmeysterləri - Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Tamaşanı teatrın rejissor assistenti Sevinc Məmmədova idarə edir.