Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert təşkil edilib
Sentyabrın 18-də axşam Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında geniş konsert proqramı ilə çıxış edib.
Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bu konsertdə 110 yaşlı qocaman mədəniyyət ocağının böyük kollektivi - balet, xor truppası, orkestr və aktyor heyəti paytaxt sakinlərinin, eləcə də şəhərimizin qonaqlarının zövqünü oxşayan bir-birindən gözəl musiqi nömrələri ilə çıxış ediblər.
Bayram tədbirində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının simfonik orkestri teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev və dirijor Səməd Süleymanlının müşayəti ilə dahi Üzeyir Hacıbəylinin, həmçinin dünya klassiklərinin və xarici bəstəkarların əsərlərindən nümunələr səsləndirib.
Sevimli aktyorlar – Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər – Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Ələkbər Əliyev, Şövqi Hüseynov, aktyorlar – Mehriban Zaliyeva, Aydan Həsənova, Rauf Babayev, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Əmrah Dadaşov və Emin Zeynallının iştirak etdiyi konsertdə reqqas, Əməkdar artist Emin Əliyevin çıxışları da rəğbətlə qarşılanıb. Hər kəsi heyran edən konsertin baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri – teatrın baş xormeysteri Əməkdar artist Vaqif Məstanov, senari müəllifi və rejissoru Elməddin Dadaşovdur.