Bu gün Akademik Musiqili Teatrda Yusif Əkbərovun 70 illik yubileyi qeyd olunacaq
5 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Qızıl toy” (O.Kazımi və R.Heydər) iki hissəli musiqili komediyası 47-ci dəfə (2014-cü ildən) tamaşaçıların görüşünə gələcək. Əsərin bu dəfəki nümayişi tanınmış rejissor, uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrında) baş rejissor vəzifəsində işləmiş Yusif Əkbərovun 70 illik yubileyi münasibəti ilə təqdim olunacaq.
Tamaşadan öncə tanınmış telejurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı mərhum rejissorun həyat və yaradıcılığı haqqında danışacaq.
Səhnə əsərində rolları Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Gülnarə Əzizova, Şaban Cəfərov, Türkel Tariqpeyma, Ruslan Mürsəlov, Yuliya Heydərova, Elməddin Dadaşov və Elnur Zeynalov ifa edəcəklər.
Hər zaman tamaşaçıların böyük maraqla izlədiyi retro tamaşalarımızdan olan "Qızıl toy” komediyasının sonuncu quruluşları (1996-cı və 2014-cü illərdə) Yusif Əkbərovun adı ilə bağlıdı.
Qeyd edək ki, Akademik Musiqili Teatrının kollektivi tərəfindən hər zaman gözəl insan və istedadlı rejissor kimi xatırlanan Yusif Məmmədağa oğlu Əkbərov 2 sentyabr 1949-cu il tarixində Bakıda anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib və həmin il C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin olunub. 1974-cü ildən H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrıda quruluşçu rejissor, 1987-ci ildən 1991-ci ilədək həmin teatrda baş rejissor işləyib. Yusif Əkbərov 1991-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının quruluşçu rejissoru, 2006-cı ildən 2014-cü ilədək bu teatrın baş rejissoru olub və "Qızıl toy”, "Hərənin öz ulduzu”, "Əlin cibində olsun”, "Səhnədə məhəbbət”, "Ər və arvad”, "Qısqanc ürəklər”, "Matəm marşı” və s. tamaşalara quruluş verib.
O, prezident mükafatçısı idi. 2013-cü ildə isə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdu.