Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatr Albaniyaya festivala hazırlaşır



Akademik Musiqili Teatr Albaniyaya festivala hazırlaşır

10-15 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı daha bir Beynəlxalq tədbirdə – Albaniyanın Elbasan şəhərində​ XXI​ ənənəvi Skampa Beynəlxalq Müasir Teatr Festivalında iştirak edəcək.

Albaniyalı rejissor Adonis Filipinin bədii rəhbərliyi ilə ərsəyə gələn "Skampa-2019" festivalı çərçivəsində müxtəlif seminarlar, tamaşaların təqdimatları, konsertlər, sərgilər, görüşlər, həmçinin mədəniyyətlərarası dialoqun qurulması,​ beynəlxalq səhnə təcrübələrinin qarşılıqlı mübadiləsi barəsində​ geniş müzakirələr keçiriləcək. 

Albaniya ilə yanaşı, ABŞ, İtalya, Rumıniya, Polşa, Macarıstan, Kosova, Şimali Makedoniya və dünyanın  bir çox müxtəlif, nüfuzlu teatrlarının qatıldığı bu​ ənənəvi festivalda ölkəmizi Akademik Musiqili Teatr təmsil edəcək və Samuel Bekketin məşhur "Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşasını göstərəcək.   

Qeyd edək ki, Xalq artisti, professor Fərəc Qarayev tərəfindən ​ dünyada ilk dəfə simfonik musiqi bəstələnən bu əsər ötən mövsümdən​ teatrın repertuarına daxil olub. 

Hər kəs tərəfindən birmənalı qəbul edilməyən, dərin fəlsəfi mənaya malik olan absurd tamaşanın bədii rəhbəri​ Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev,​ quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

Əsərdə Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki,​ Oğlan​ obrazlarını Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar - Əliməmməd Novruzov, Hüseyn Əlili və  teatrın on beş​ yaşlı aktyoru Hüseyn Nağıyev ifa edirlər. 

Bundan əlavə ''Qodonun intizarında" tamaşası dekabr ayında İran İslam Respublikasında – Təbrizdə keçiriləcək  II Alef Beynəlxalq Teatr Festivalına da dəvət alıb.





Baxış sayı:119 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:2-10-2019, 12:10

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика