Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatrın aktyorları Gəncədə çıxış edəcəklər



Akademik Musiqili Teatrın aktyorları Gəncədə çıxış edəcəklər 

Sentyabrın 25-də Üzeyir Hacıbəyli – XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları – Əməkdar artist Ələkbər Əliyev və sevilən aktyor Ağaxan Şərifov Akademik Opera və Balet Teatrının dəvəti ilə Gəncə Dövlət Filarmoniyasında çıxış edəcəklər. Ələkbər Əliyev dahi bəstəkarın "O olmasın, bu olsun” musiqili komediyasında Rüstəm bəyi,  Ağaxan Şərifov isə hambal rolunu oynayacaqlar. 

Tanınmış aktyor Ələkbər Əliyev onlara yaradılan bu şəraitə görə hər iki teatrın rəhbərliyinə minnətdarlığını bildirib və teatrlararası belə müştərək layihələrin aktyorların yaradıcılığına müsbət təsir etdiyini söyləyib.

  "Çox sevinirəm ki, Opera və Balet Teatrının rəhbərliyi mənim yaradıcılığımı yüksək qiymətləndirir və öz teatrımızda ifa etdiyim rolları belə dəyərləndirir. Gəncəlilər qarşısında çıxış edəcəyim eyniadlı bu tamaşa uzun illərdir ki, həm də Akademik Musiqili Teatrın səhnəsində sevimli tamaşaçılarımıza təqdim olunur. Biz sentyabrın 20-də yeni mövsümü də bu tamaşa ilə açdıq. Sənət dostum Ağaxan Şərifovla doğma teatrımızın səhnəsində canlandırdığımız birgə ifamız  həmişə rəğbətlə qarşılanıb. Yaradılan fürsətdən istifadə edib, hər ikimizin adından Akademik Musiqili Teatrın rəhbəri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə xüsusi minnətdarlığımızı bildiririk ki, ölkənin başqa səhnələrində, televiziya verilişlərində, seriallarda iştirakımıza, yaradıcılıq imkanlarımızı sərgiləməyə hər zaman şərait yaradır. Vaxtaşırı həm respublikamızın, həm də xarici olkələrin tanınmış ifaçıları teatrımıza dəvət olunur  və bu ənənə teatrımızda həmişə uğurla davam etdirilir. Müxtəlif teatrlardan dəvət olunmuş aktyorlar – Xalq artistləri Şüküfə Yusupova, Məleykə Əsədova, Qurban İsmayılov, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Nəsibə Eldarova, Şövqi Hüseynov yaratdığı möhtəşəm obrazları ilə tamaşaçılara unudulmaz anlar bəxş ediblər. Biz artıq ənənə halını almış teatrlararası bu yaradıcılıq əməkdaşlığını yüksək qiymətləndiririk”, – deyə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının səhnəsində də öz uğurlu ifası ilə həmişə diqqəti cəlb edən Əməkdar artist Ələkbər Əliyev media nümayəndələrinə bildirib. 





Baxış sayı:99 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:21-09-2019, 17:37

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика