Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatr dəvət edir: "Paris Notr-Dam kilsəsi"nin bu günü və bir günü



Akademik Musiqili Teatr dəvət edir: "Paris Notr-Dam kilsəsi"nin bu günü və bir günü 

Akademik Musiqili Teatrda böyük fransız yazıçısı, dramaturq, Utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" romanının motivləri əsasında librettosu Samir Qulamova məxsus olan eyniadlı tamaşa hazırlanır.

Ötən gün Akademik Musiqili Teatrda tamaşanın məşq prosesində iştirak etdik.

Tamaşanın layihə və bədii rəhbəri əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə aiddir.

Əsərin quruluşçu rejissoru, libretto müəllifi istedadlı rejissor Samir Qulamov, səhnə tərtibatı Vüsal Rəhimə məxsusdur.

Vədəsində başlanan məşq prosesində Musiqili Teatrın demək olar ki, bütün aktyor heyəti çıxış edirdi.

Tamaşanın böyük kütləvi səhnələri, seçilmiş musiqiləri, istedadlı vokal artistlərinin ifaları ilə maraqlı alınacağı məşq prosesindən hiss olunurdu.

Öncə onu qeyd edim ki, Fransız yazıçısı Viktor Hüqo "Paris Notr-Dam kilsəsi"romanını 1831-ci ildə qələmə alıb. Qotik və romantizm janrlarında olan əsər Fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunur.

Məşhur əsər "Paris Notr-Dam kilsəsi” və "Notr Damlı Qozbel" adları ilə dünyanın ən tanınmış teatrlarının səhnəsində dəfələrlə səhnələşdirlib, 1905-ci ildən etibarən isə romanın ilk kino variantı ekranlaşdırılıb.

Rejissor Samir Qulamovun da yaradıcılığında "Paris Notr-Dam kilsəsi” əsərinə müraciəti ilk deyil. Belə ki, rejissor ilk dəfə 13 il əvvəl romanı səhnələşdirib.

Məşqdən əvvəl bizimlə söhbət edən rejissor Samir Qulamov Akademik Musiqili Teatrda hazırladığı tamaşanın, teatr tarixində canlı orkestrlə müşayiət olunaraq ifa ediləcək ilk əsər olduğunu dedi:

"Paris Notr-Dam kilsəsi”romanının motivləri əsasında hazırlanan tamaşaya ilk dəfə 2006-cı ildə Akademik Milli Dram Teatrında quruluş vermişdim. Həmin tamaşa uğurlu alınmışdı və Akademik Milli Dram Teatrı təmirə bağlanana qədər 3 il repertuarda qaldı. O illərdə tamaşamızı izləyənlər arasında hörmətli Əliqismət müəllim də var idi. Əliqismət Lalayev tamaşaya baxıb, bəyəndiyini söyləmişdi. İllər ötdü, Əliqismət müəllim mənə Akademik Musiqili Teatrın səhnəsində həmin tamaşanı hazırlamağı təklif etdi və əlavə etdi ki, o tamaşanı bütün dünya musiqili qurub. Sözün düzü fikir, təklif mənim çox xoşuma gəldi və düşünüb qərarımı verdim. Sizə deyim ki, "Paris Notr-Dam kilsəsi” musiqili tamaşasını dünyada rok və opera əsəri kimi səhnəyə qoyublar. İlk dəfə bizim tamaşada əsəri canlı orkestrin müşayiəti ilə tamaşaçılarımıza təqdim edəcəyik. Həmçinin əsərdə müəyyən partiyalar var ki, birbaşa fransız dilində oxunacaq. Buna misal kimi, "Ave Mariya” əsərini qeyd edə bilərəm.Tamaşada Xalq artisti Pərviz Məmmədrzayev keşiş obrazını ifa edəcək. Həmçinin, Əməkdar artist Nadir Xasıyev və İbrahim Əlizadə bu rola dublyordur. Ümumiyyətlə bu tamaşada dublyorlar çoxdur. Elə rol var ki, 4 dublyoru var. Baş rollarda isə - Esmeraldanı Əməkdar artist Səidə Şərifəliyeva, Mehriban Zalıyeva və Aydan Həsənova, Kvazomodo obrazını isə Əmrah Dadaşov və Nicat Həbibov ifa edəcək. Hər ikisi gözəl aktyorlardır. Tamaşada yüksək səviyyəli vokalçılar toplanıb.

Böyük kütləvi səhnələri, möhtəşəm musiqi nömrələri olan tamaşadır. İnanıram ki, Azərbaycan Teatrı adına müəyyən işlər görə biləcəyik. Ümumiyyətlə, miqyası böyük tamaşadır. Kütləvi səhnələrdə 55-60 nəfər aktyor çıxış edəcək. 40-45 nəfərlik musiqiçilərdən ibarət canlı orkestrimiz var. Hazırda teatrımızın bütün sexləri bu tamaşa üçün çalışırlar. Kostyumlar tikilir, dekorasiyalar hazırlanır. Tamaşanın premyerasının oktyabr ayının sonunda olması nəzərdə tutulub. Əsərin səhnə həlli ağırdır. Ona görə də, bütün səhnələr hazırlanmalı, tam cilalanmalıdır. Ondan sonra tamaşanı sevimli tamaşaçılarımıza nümayiş etdirə bilərik. Bizim bu tamaşanı hazırlamaqda ən böyük məqsədimiz, bu əsər vasitəsilə mesaj ötürməkdir. Belə ki, Parisdə yanan Notr-Dam kilsəsinin binası dünyanın memarlıq incilərindən idi. Həmin bina yananda bütün dünya kədərləndi. Biz də bu hadisəyə Azərbaycan Teatrı olaraq münasibətimizi bildirmək istəyirik. Bizim bu tamaşanı hazırlamaq məsələmiz lap yerinə düşüb. Hərçənd, tamaşanın ilkin hazırlıq prosesləri başlananda məşhur binada yanğın olmamışdı. İnşallah, premyerada Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərin nümayəndələri, xüsusilə Fransa səfirliyinin əməkdaşlarının iştirak etməsini gözləyirik. Bildiyiniz kimi, cənab Prezident tərəfindən Musiqili Teatra Akademik status verilib. Biz də bu tamaşamızla möhtərəm Prezidentimizə təşəkkür edib, kollektivimizin yaradıcılıq töhfəsini təqdim etmək istəyirik. 2006-cı ildə quruluş verdiyim dram əsərindən fərqli olaraq, bu tamaşaya münasibətimi, personajların xarakterini tamam dəyişmişəm. Tamaşada nəzmlə olan mənzum hissələr mənə aiddir. Şerləri özüm yazmışam. Tamaşanın ruhu isə Hüseyn Cavidə məxsusdur. Əsərdə Hüseyn Cavid ruhu ilə öz əlavələrimi birləşdirmişəm. Həm də hansısa bir xarici əsəri tamaşaya hazırlayanda onu bizim səhnə, bizim tamaşaçılar üçün adaptasiya etməlisən ki, qəbul olunsun. Bir sözlə əsərin kökü Viktor Hüqoya, librettosu mənə aiddir”.

Samir Qulamov quruluş verdiyi tamaşadan, teatrın kollektivi, aktyorlarından xüsusi həvəslə danışdı. Onu dinləyəndə, məşq prosesini izləyəndə hiss edirdim ki, cani-dildən, ürəklə bu iş üçün qollarını çırmalayıb, meydana atılıb. Samir Qulamovu həvəsləndirən, sevdiyi işlə yenidən məşğul olmağa sövq edən əsas insan isə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

İstedadlı rejissor deyir ki, uzun zamandır teatrda tamaşa hazırlaya bilmədiyinə görə, bir müddət depressiyaya da düşüb: "Mən 7 il teatrdan uzaq düşdüm. Teatrı o qədər sevirdim ki, uzaqlaşanda böyük depressiya keçirmişdim. Əliqismət müəllim sağ olsun ki, məni buraya dəvət etdi və 7 ildən sonra belə bir əzəmətli əsəri hazırlamağı mənə həvalə elədi. Ümumiyyətlə, Əliqismət Lalayev həmişə gənclərə dəstək olub”.

Samir Qulamovla söhbətimizə yekun vurub, məşqi izləyirik. İki saata yaxın davam edən məşq prosesində aktyorların özü ilə bərabər rejissor da obrazların həyatını yaşayır, daxili dünyasında Esmeralda, Kvazimodo, keşişlə bərabər hadisələri müşahidə edir.

Məşq prosesi başa çatır. Akademik Musiqili Teatrın tamaşa zalını tərk edirik. Aktyorlar isə növbəti məşqə, orkestrlə musiqi parçalarının ifasına tələsirlər. Beləliklə, teatrın qaynar rejimində keçirdiyimiz bir gün başa çatır. Yaradıcı heyətlə premyeraya qədər vidalaşırıq.

Qeyd edim ki, tamaşanın quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterlər, Əməkdar artistlər Zakir və Yelena Ağayevalar, xormeyster, Əməkdar artist Vaqif Məstanov, konsertmeyster Kamil Həsənovdur.


ÜLVİYYƏ HƏSƏNQIZI

OPEN.AZ





Baxış sayı:136 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:13-09-2019, 12:33

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика