Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Musiqili Teatr “Bəxtiyar” tamaşasının onlayn məşqlərinə başladı



 

Musiqili Teatr “Bəxtiyar” tamaşasının onlayn məşqlərinə başladı 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti son bir ildə pandemiya və digər səbəblərdən yaranan bütün çətinliklərə baxmayaraq, daha da əzmlə və yorulmadan çalışır, yeni-yeni layihələr üzərində işləyir.

Bu dəfə teatrın yaradıcı kollektivi tanınmış rejissor, "Tərəqqi" medalı laureatı Cavid İmamverdiyevin quruluşu və ssenarisi əsasında, musiqisi dahi bəstəkar Tofiq Quliyevə aid olan "Bəxtiyar" filminin səhnə versiyasının onlayn məşqlərinə başlayıb. Füsunkar və əvəzolunmaz səsə malik SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən "Bəxtiyar” filminin motivləri əsasında qurulacaq eyniadlı tamaşanın hazırlanması elə ilk məşqdə teatrın aktyorları tərəfindən də maraqla qarşılanıb. 

Yeni tamaşanın yaradıcı heyəti ilə onlayn məşqdə iştirak edən Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev "Bəxtiyar" filminin tarixindən, teatrın hazırlayacağı bu tamaşanın yaranma zərurətindən də danışıb. Tanınmış rejissor aktyorlara uğurlar arzulayıb, eyni zamanda bəzi  tövsiyələrini çatdırıb.

"1955-ci ildə görkəmli rejissor, Əməkdar incəsənət xadimi Lətif Səfərovun rejissorluğu  ilə çəkilən "Bəxtiyar" filmi elə ilk nümayişindən indiyə qədər böyük sevgi və rəğbətlə qarşılanır. Dahi bəstəkar Tofiq Quliyevin bənzərsiz musiqiləri  əsasında hazırlanan bu ekran əsəri hər zaman aktualdır. Hamı tərəfindən uğurlu ekran əsəri kimi qəbul edilən və sevilən bir filmi yeni quruluşda səhnəyə çıxartmağın, ona yeni nəfəs bəxş etməyin özü də böyük  məsuliyyətdir. Bu, bizim çiyinlərimizə düşən yükü ikiqat artırır. İnanıram ki, Cavid müəllim bu çətin işin öhdəsindən layiqincə gələcək. Hətta indidən aktyorlarımızın onlara həvalə edilən rolları necə ifa edəcəyi haqda məndə xoş  təsəvvürlər  yaranır", – deyə Ə.Lalayev bildirib. 

Videoformatda keçirilən ilk məşqdə çıxış edən rejissor Cavid İmamverdiyev teatrın təcrübəli və istedadlı aktyorlarına güvənərək bu işə daha da qətiyyətlə başladığını xüsusi vurğulayıb, yaradılan şəraitə görə teatr rəhbərliyinə təşəkkürünü bildirib. 

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı  Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, rejissor assistenti Zaur Əliyevdir. 

Bəxtiyar obrazını teatrın gənc və istedadlı solistləri Şaban Cəfərov, İbrahim Əlizadə, Emil Zeynallı, Saşa obrazını isə Aydan Həsənova, Mehriban Zaliyeva canlandıracaqlar. Rol bölgüsünə əsasən Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər – Çingiz Əhmədov, Əkbər Əlizadə, Nadir Xasiyev, Şövqi Hüseynov, Ələkbər Əliyev, Naidə Orucova, Almaz Ələsgərova, Novruz Qartal, Əzizağa Əzizov, aktyorlar – Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Elçin İmanov, Rauf Babayev, Ülviyyə Əliyeva, Emil Heydərov, Hüseyn Əlili, Elnarə Nağdəliyeva, Rəsmiyyə Nurməmmədova, Səmədzadə Xasiyev, Hidayət Əliyev, Elxan İsmayılov, Ruslan Mürsəlov, Zaur Əliyev, Fərid Rzayev, Nigar Qarayeva və başqaları ifa edəcəklər.

 





Baxış sayı:102 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:18-03-2021, 17:09

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика