Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Milli Teatr Günü münasibətilə Akademik Musiqili Teatr həmkarlarını belə təbrik etdi...



 

Milli Teatr Günü münasibətilə Akademik Musiqili Teatr həmkarlarını belə təbrik etdi...

10 Mart – Azərbaycan Milli Teatrının yaranmasının 148-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bütün teatrsevərləri sehirli səhnədən deyil, sosial şəbəkələr vasitəsilə təbrik etdi. Teatrın təqdim etdiyi videoçarxda bir əsr yarımlıq tarixi olan Azərbaycan teatrının tanınmış simaları ardıcıllıqla əks olunub. Bəstəkar-müğənni, Əməkdar artist Elza Seyidcahanın "Mən aktyoram" ( söz: V.Əziz) mahnısının sədaları altında şərəfli və çox çətin aktyor ömrü kadrlarda sətir-sətir oxunur, səhifə-səhifə vərəqlənir, bir daha zamanın yaddaşına yenidən həkk olunur.

Kompozisiyanı Akademik Musiqili Teatrın rejissoru Samir Qulamov və teatrın operator və montajçısı Hikmət Şahverdizadə hazırlayıblar.

Layihənin ideya müəllifi, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev teatrsevərlərin bu dəfə fərqli məkanda və fərqli formada qarşılanmasının səbəblərini belə açıqlayıb: "Artıq bir ildir dünyanı bürüyən gözlənilməz bəla teatrlara da təsirsiz ötüşmədi. Azərbaycan Teatrı çox çətin dönəm yaşayır. Biz sevimli səhnəmizdən ayrı düşmuşük. Bütün bunlara baxmayaraq, ümidlə hər şeyin öz əvvəlki axarına düşəcəyi günləri gözləyirik. Bir ildir onlayn fəaliyyət göstəririk, həftəsonları rəsmi sosial şəbəkə hesablarımızda tamaşalarımız nümayiş olunur. Etiraf edək ki, tamaşaçılarımızdan ötrü çox darıxmışıq. Müasir texnologiyanın tələblərinə nə qədər cavab verməyə çalışsaq da, canlı ünsiyyətin, canlı sənətimizin yerini heç nə vermir. Vətən Müharibəsində qazandığımız uğurlardan ilhamlanaraq qısametrajlı filmlər də çəkdik və hələ də layihələrimizi davam etdiririk...

Teatr kollektiv sənətdir, həmrəyliyin, zəhmətlə yoğrulmuş yaradıcılığın bəhrəsidir.

Təqdim etdiyimiz bu videorolikimizdə ümumilikdə Azərbaycanın teatr tarixinə nəzər salmışıq. Hələlik sevimli tamaşaçılarımızı teatrlarımızda qarşılaya bilməsək də, Milli Teatr Günü münasibəti ilə onları da təbrik edirik və "Tezliklə görüşənədək!" – deyirik".

 

https://youtu.be/VMsI0CusEGw

 





Baxış sayı:123 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:10-03-2021, 12:07

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика