Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Əbülfəs Qarayev Yeni il ərəfəsində Xalq artisti Fatma Mahmudovanı mükafatlandırıb



Əbülfəs Qarayev Yeni il ərəfəsində  Xalq artisti  Fatma Mahmudovanı mükafatlandırıb 

Respublikanın Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktrisası, Xalq artisti  Fatma Mahmudovanı teatr sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyəti və​ 65 illik yubileyi ​münasibəti ilə mükafatlandırıb.

Akademik Musiqili Teatrda F.Mahmudovanın  şərəfinə​ təşkil olunan səmimi toplantıda​ ​teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Mədəniyyət nazirinin "31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi" və Yeni il Bayramı​ ərəfəsində sevilən aktrisaya  ünvanladığı təbrikləri çatdırıb və imzaladığı​ "Fəxri Fərmanı" ona təqdim edib.

Təqdimat mərasimində aktrisanın illərlə eyni səhnəni bölüşdüyü sənət dostları, Respublikanın Əməkdar artistləri – Çingiz Əhmədov, Əkbər Əlizadə, Nahidə Orucova və başqaları da çıxış edərək Xalq artistinə xoş və səmimi təbriklərini bildiriblər.

Fatma Mahmudova ona göstərilən xüsusi diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə və Akademik Musiqili Teatrın rəhbərliyinə minnətdarlığını bildirib. Və qeyd edib ki, onun üçün qürurverici bir hadisədir ki, Mədəniyyət naziri şəxsən zəng vuraraq Fatma xanımı bu şad günündə təbrik edib və ona xoş arzularını bildirib. 

  Qeyd edək ki, Fatma Mahmudova 1954-cü ilin 30 dekabrında​ Ağdam rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan F.Mahmudova 1968-ci ildən başlayaraq  uzun müddət Ağdam Dövlət Dram Teatrında çalışıb. Bu müddət ərzində həmin teatrın səhnəsində aparıcı aktrisa kimi​ bir çox tamaşalarda özünəməxsus obrazlarla​ ​ teatrsevərlərin qəlbinə yol tapıb, onların sevimlisinə çevrilə bilib.

1994-cü ildən taleyini Azərbaycan Dövlət Akademik Musiqili Teatrına bağlayan istedadlı aktrisa burada​ da nümayiş olunan tamaşaların əksəriyyətində bir sıra maraqlı obrazlar yaradıb. Azərbaycan telemekanında müxtəlif seriallarda, Azərbaycan kinofilmlərində aktrisanın bir-birindən maraqlı obrazları hər zaman tamaşaçılar  tərəfindən sevgi ilə qarşılanır. 

Fatma Mahmudova 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.






Baxış sayı:51 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:30-12-2019, 11:13

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика