Azərbaycan Dövlət Musiqili Teatrı

Tariximizdən

Azərbaycanda milli musiqili komediya janrı 20-ci əsrin əvvəllərində yaranmışdır.  Opera kimi bu janrın da yaradıcısı dahi bəstəkar Üzeyir bəy Hacıbəyli olmuşdur. Onun 1909-cu ildə yazdığı "Ər və arvad” musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda, Nikitin qardaşlarının sirk binasında göstərilmişdir. Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrı təşəkkül tapmışdır.  Sonrakı illərdə Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun”, "Arşın mal alan” (1913) musiqili komediyaları oynanılmışdır.

Həmçinin inqılaba qədərki dövrdə Z.Hacıbəyovun "Əlli yaşında cavan”, "Evlikən subay”,  M.Kazımovskinin "Molla Cəbi”, "Vurhavur” musiqili komediyaları da tamaşaya qoyulmuşdur. Bu tamaşaların ərsəyə gəlməsində H.Ərəblinski, M.Ə.Əliyev, Ə.Ağdamski, Ə.Hüseynzadə, H.Abbasov, A. və Y.Olenskayalar, R.Darablı və Ə.Anaplı kimi sənətkarlar mühüm rol oynamışlar.

1938-ci ilə qədər musiqili komediyalar Azərbaycan Opera və Balet Teatrında oynanılırdı. 1938-ci ildə müstəqil Musiqili Komediya Teatrı (Azərbaycan və rus bölmələri ilə) təşkil edildi və teatr 1938-ci ilin sentyabr ayından rəsmi olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrı statusu aldı.

1939-cu ildə teatrın Azərbaycan bölməsində "Beş manatlıq gəlin” (S.Rüstəmov), "Ər və arvad”, "Evlikən subay” (Z.Hacıbəyov), sonralar isə "Toy kimindir?” (A.Məşədibəyov), "Qızıl gül” (S.Hacıbəyov), rus bölməsində isə "Mavi mazurka” (F.Leqar), "Arşın mal alan” (Ü.Hacıbəyov), "Sirk kraliçası” (İ.Kalman), "Malinovkada toy” (B.Aleksandrov) və.s. tamaşaları qoyuldu.

1950-cı illərdə teatrın repertuarı F.Əmirovun "Ürəkçalanlar” (1944) və "Gözün aydın” (1946), Ü.Hacıbəyovun "Arşın mal alan” (1945), "Məşədi İbad” (1946), S.Rüstəmovun "Durna” (1947), S.Ələsgərovun "Ulduz” (1948) operettaları ilə zənginləşdi.

1956-1970-ci illərdə teatrın Azərbaycan bölməsində "Qızılaxtaranlar” (T.Quliyevin), "Ev bizim, sirr bizim” (Ş.Axundova), "Qaynana” (Z.Bağırov), "Hacı Kərimin aya səyahəti” (A.Rzayev), "Altı qızın biri Pəri” (T.Bakıxanov, H.Məmmədov), rus bölməsində isə "Sevastopol valsı” (K.Cistov), "Yüz şeytan və bir qız” (T.Xrennikov), "Silva” (İ.Kalman), "Kuba, məhəbbətim mənim” (R.Hacıyev) kimi tamaşalar oynanılırdı.

70–ci illərdə teatrın səhnəsində "Hicran” "Emin Sabitoğlu” E.Sabitoğlu), "Həmişəxanım” (S.Ələsgərov), "Sabahın xeyir, Ella” (T.Quliyev), "Qafqazlı qardaşqızı” (R.Hacıyev) və s. tamaşaya qoyulmuşdur.

Müxtəlif illərdə teatrda rejissorlar – A.M.Şərifzadə, H.Əliyev, H.İsmayılov, S.Dadaşov, Ş.Bədəlbəyli, Əliheydər Ələkbərov və başqaları, aktyorlardan Bülbül, H.Hacıbabəyov, A.Terequlova, Ə.Qəmərlinski, E.Axundova, D.Şaraplı, C.Talışinskaya, H.Mironova, A.Cavadov, Ə.Anatollu, Ə.Qafarlı, K.Kərimov, M.Kələntərli, L.Abdullayev, İ.Hüseynov, B.Səfəroğlu, Alleqrov, dirijorlardan S.Hacıbəyov, S.Ələsgərov, K.Abbasov, rəssamlardan Ə.Abbasov, H.Mustafayev, F.Qusak və başqaları işləmişlər. Bundan sonra teatr daha geniş fəaliyyət imkanı qazanmış və bir-birinin ardınca yeni-yeni tamaşalar hazırlanmışdır.

Teatr, bu illər ərzində S.Hacıbəyov, R.Hacıyev, Z.Hacıbəyov, F.Əmirov, S.Ələsgərov, A.Məlikov, E.Sabitoğlu, S.Rüstəmov, T.Quliyev, V.Adıgözəlov, K.Mirişli, C.Cahangirov, Ə.Abbasov, R.Mustafayev və s. kimi sevilən bəstəkarlarla, M.Əlizadə, M.Mərdanov, H.Muxtarov, S.Rəhman, Ş.Qurbanov, M.Şamxalov, Ə.Kürçaylı, S.Rüstəm, R.Zəka, A.İsgəndərov, R.Əhmədzadə kimi görkəmli libretto müəllifləri ilə sıx əməkdaşlıq etmişdir.

Həmin dövrlərdə teatrda, M.Vəlixanlı, A.Cavadov, Ə.Səfayi, Ə.Şirvanski, L.Abdullayev, S.Ağabəyov, M.Kələntərli, Ə.Qafarlı, N.Zeynalova, B.Səfəroğlu, H.Bağırov, S.Aslan, M.Əhmədov kimi görkəmli sənətkarlar fəaliyyət göstərmişlər. Bu aktyor truppası ilə yanaşı, rejissorlar - H.İsmayılov, N.Şərifov, Ş.Bədəlbəyli, dirijorlar - S.Ələsgərov, S.Hacıbəyov, K.Abbasov, T.Qəniyev və digər yaradıcı şəxslər Musiqili Komediya Teatrının və bütövlükdə Azərbaycan milli teatrının və milli mədəniyyətin inkişafında misilsiz xidmətlər göstərərək, teatrı yaşatmış və inkişaf etdirmişlər.

1967-ci ildə "Milyonçunun dilənçi oğlu” tamaşasına görə dramaturq Ş.Qurbanov, bəstəkar S.Ələsgərov və rəssam B.Mirzəzadə Respublika Dövlət Mükafatına layiq görülmüşlər.

1985-90-cı illərdə respublikada baş verən ictimai-siyasi hadisələr, Qarabağ müharibəsi burada çalışan sənət adamlarının yaradıcılığına mənfi təsir göstərdi. Uzun illik təmir işləri kollektivdə təəssüf ki, bir süstlük yaratdı. Lakin 1993-ci ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə binada təmir və bərpa işlərinə yenidən başlanıldı. Sənət və sənət adamlarına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev, 1995-ci ildə təmir və bərpa işləri ilə yaxından tanış oldu, öz dəyərli tövsiyələrini verdi.

1998-ci il oktyabr ayının 10-da isə böyük sənət məbədinin açılışında iştirak etdi. Bu, teatrın yenidən inkişaf etməsinə böyük təkan verdi. Kollektiv bir-birinin ardınca yeni-yeni tamaşalar hazırlayaraq repertuarı zənginləşdirməyə başladı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 noyabr 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binası 2011-2013-cü illərdə yenidən təmir olunub istifadəyə verildi.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 4 oktyabr tarixli, 287 nömrəli qərarı ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Azərbaycan Dövlət Musiqili Teatrı adlandırıldı.

10 mart 2014-cü il – Azərbaycanda peşəkar milli teatr sənətinin yaranmasının 141-ci ildönümündə Azərbaycan Dövlət Musiqili Teatrının təntənəli açılışı mərasimi keçirildi. Bu əlamətdar hadisə münasibətilə ”Musiqili teatr – bizik” tamaşası nümayiş olundu.

Hazırda teatrın istər Azərbaycan, istərsə də rus bölmələrində zəngin repertuar formalaşmış, işgüzar və professional sənətçilər yorulmaq bilmədən əzmlə çalışırlar.

 


 


Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика