Eleanora Abbasova

Abbasova Eleanora Mübariz qızı 25 mart 1996-cı ildə Bakıda anadan olub. İncəsənətə sevgi və marağı hələ uşaqlıq illərindən onu yaşıdlarından fərqləndirib. İlk obrazı 15 yaşında olarkən Xurşud Banu Natavan olub və ən yaxşı ifaya görə mükafatlandırılıb. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr sənəti" fakültəsinin "Musiqili teatr aktyoru'' ixtisasına daxil olub. Tələbəlik illərində də aktiv fəaliyyətinə görə seçilib. "Milyonçunun dilənçi oğlu''nda  rəqs müəllimi, "Ulduz" tamaşasında Nazik, "Gurultulu məhəbbət''də Laləzar, "Gəlinlər" televiziya tamaşasında  Dilbər, "Mən,  sən,  o və telefon"da Səmayə rolunu ifa edib.  2014-cü  ildən Eleanora bir cox dövlət tədbirlərində aparıcı kimi çıxış edir. Universitet illərində bir çox filmlərdə rol alıb reklam çarxlarına çəkilib. 2015-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili teatrına artist- solist- vokalist vəzifəsinə qəbul olunub. Akademik Musiqili Teatrda ilk dəfə Tülkü daha sonra Dovşan (“Meşə çaqqalsız olmaz Ə.Səmədli), Lal qız (“Amerikalı kürəkən” R.Mirişli, M.Haqverdiyev), Bom (“Qızıl cücə” V.Ulanovski, V.Orlov), Qırmızı papaq (“Bir dayan canavar” R.Ağayeva, A.Xayt), İbadın qızı (“Mən dəyərəm min cavana”, F.Sücəddinov, T.Vəliyeva), Pişik (“Bremen musiqiçiləri və Pen” səhnələşdirən A.Sadıqov), Şəngülüm (“Dəcəl şəpişlər” O.Zülfüqarov, R.Heydər), Qoğal, Dovşan (“Qoğal ”Rus xalq nağılı) və digər səhnə əsərlərində yaddaqalan obrazlar canlandırıb. 2015-ci ildə Avropa oyunlarında, 2016-ci ildə ''Formula-1'',  2017-ci ildə ''İslam oyunları'', 2018-ci ildə "Formula-1''  yarışlarında rəqs qrupunda iştirakçı olmuş və ölkə rəhbərliyi tərəfindən ''Diplom''a layiq görülüb. 2017-ci ildə Universiteti bitirən Eleanora 2018-ci ildən oradakı tamaşalara da dəvət alıb və "Viktoriya" (Qonşu qadın), "Yuxum Gəlir" (Varka), "Gəlinlər" (Dilbər), ''Qatar" (Nastya), ''Arşın mal alan" (Gülçöhrə və Asya) səhnə əsərlərində oynayıb. 2019-cu ildə Dənizkənarı Bulvarda təşkil olunan Novruz şənliyində Bahar qızı və aparıcı kimi cıxış edib. Qeyd edək ki, Eleanora Abbasova 2020-ildən Milli Konservatoriyanın tələbəsidir.