Azərbaycan Dövlət Musiqili Teatrı

Direktorluq

Əliqismət Lalayev

Əliqismət Lalayev


Əliqismət Hümmət oğlu Lalayev 1956-cı ildə anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Gənc rejissor kimi səkkiz il Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında çalışıb. 1988-ci ildə doğma Salyana qayıdan Ə. Lalayev bir müddət qəzetçiliklə məşğul olub - yerli "Qələbə" qəzetində məsul katib işləyib, sonra rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışıb. 1993-cü ildən Bakıya köçüb. Müslüm Maqomayev adına Filarmoniyanın direktor müavini olub. Sonrakı 11 ildə Mədəniyyət Nazirliyinin İncəsənət Baş İdarəsinin rəisi kimi çalışıb. Nazirliyin strukturundakı dəyişiklikdən sonra Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri olub. Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin 6 may 2008-ci il tarixli əmri ilə Şıxəli Qurbanov adına Dövlət Musiqili Komediya Teatrının direktoru təyin edilib. Əliqismət Lalayev Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, "Azərbaycan - Orta Asiya Teatr əlaqələri" kitabının müəllifidir. Böyük Azərbaycan şairi Hüseyn Cavidin teatr səhnəsində obrazını yaradan ilk sənətçi məhz Əliqismət Lalayev olub. 1982-ci ildə Naxçıvan Dövlət Poeziya Teatrında səhnəyə qoyulan "Mənim tanrım gözəllikdir, sevgidir" tamaşasında gənc aktyor mütəfəkkir şairin obrazını yaradıb. O, eyni zamanda müxtəlif tamaşalarda Rəsul Rza və Abbas Səhhət rollarını da özünəməxsus ustalıqla oynayıb. İtalyan dramaturqu Paolo Messinainin "Sükut divarı" əsərində Antonio, Sofoklun "Elektra" faciəsində Orest obrazı da Əliqismət Lalayevin yaratdığı surətlər qalereyasına daxildir. Yaradıcılığının sonrakı mərhələsində isə daha çox rejissor kimi tanınan Ə. Lalayev Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində onlarla tamaşaya quruluş verib. E. Qolsuorsinin "Birincilər və sonuncular", T. Uilyamsın "Sökülən yurd", E. de Filipponun "Silindr", Emin Sabitoğlu və Sabit Rəhmanın "Hicran" musiqili komediyası, H. Cavidin "Ana" və "Uçurum", A. Ostrovskının "Günahsız müqəssirlər" əsərləri, A. Dudarevin "Astana" psixoloji dramı, C. Məmmədquluzadənin "Kişmiş oyunu" və "Kamança" əsərləri əsasında "Keçmiş günlər" komediyası onun səhnəyə qoyduğu maraqlı tamaşalar sırasındadır. Ə. Lalayevin quruluşunda "Ana" faciəsi Azərbaycan Televiziyasının qızıl fonduna daxil olub və vaxtaşırı olaraq mavi ekranda nümayiş etdirilir. Bir neçə kitabın müəllifidir.



Baxış sayı:926 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:15-01-2015, 05:28

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика