Azərbaycan Dövlət Musiqili Teatrı

Bədii heyət

Fəxrəddin Atayev

Fəxrəddin Atayev


Atayev Fəxrəddin Qəhrəman oğlu 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. F. Atayev əmək fəaliyyətinə 1988-ci ildə Azərbaycan Karlar Cəmiyyətinin mədəniyyət evində musiqiçi vəzifəsində başlamışdır. 1990-1992-ci illərdə həqiqi hərbi xidmətə çağırılmış və hərbi orkestrin baş musiqiçisi vəzifəsində xidməti başa vurmuşdur. F. Atayev 1993-1999-cu illərdə Bakı Musiqi Akademiyasını magistr dərəcəsi ilə dirijor ixtisası üzrə bitirmişdir. Onun ixtisas müəllimləri Yusif Axundzadə və Yalçın Adıgözəlov olmuşdur. 1993-cü ildən 1988-ci ilədək Azərbaycan Dövlət Nəfəs Alətləri orkestrində valtorna alətləri qrupunun konsertmyestri vəzifəsində çalışmış və 1988-2014-cü illərdə həmin orkestrin dirijoru vəzifəsində fəaliyyət göstərmişdir. Musiqi yaradıcılığı Azərbaycan Dövlət Nəfəs Alətləri orkestri məsuliyyətli dövlət tədbirlərində yüksək səviyyədə çıxışlar etmişdir. Bunlardan, 2001-ci ildə dünya şöhrətli musiqiçi Mistislav Rastropoviçin atası Liyapold Rastropoviçin ev muzeyinin açılış mərasimini, 2002-ci ildə "Üzeyir Musiqi günü” zamanı Dövlət Kapellasını müşayiət edən orkestr Üzeyir Hacıbəyovun "Qalx ayağa millət”, ”Koroğlu” operasının uverturasını və M. Maqomayevin "RV-8” marşını ifa etmişdir. Səslənən əsərlərin ikisini F. Atayev qısa müddət ərzində orkestr üçün orkestrləşdirmişdir. Dövlət Nəfəs Alətləri orkestri F. Atayevin rəhbərliyi ilə 2000-ci ildən başlayaraq Gəncə şəhər günlərində, 2005-ci ildən başlayaraq hər il H. Əliyev adına Yeni Təhsil Kompleksində tədris ilinin açılış və bağlanış mərasimlərində, hər ilin 9 may tarixində Nərimanov rayonunda yerləşən Qardaşlıq məzarlığındakı anım mərasimində, teatr mövsümlərinin açılışlarında, Novruz bayramıyla əlaqədar keçirilən kütləvi tədbirlərdə, Diplomatiya Akademiyasının magistr buraxılışlarında, Beynəlxalq Kitab sərgisinin açılış mərasimində və habelə İçəri şəhərdə keçirilən və İctimai Televiziya tərəfindən yayımlanan "Üzüm” bayramında müvəffəqiyyətlə çıxış etmişdir. Qeyd etmək lazımdır ki, orkestrin repertuarında olan əsərlərin bir hissəsi F. Atayev tərəfindən orkestrləşdirilmişdir. 1999-2004-cü illərdə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Dövlət Rəqs ansamblının dirijoru vəzifəsində çalışmışdır. Bu dövr ərzində çoxsaylı dövlət tədbirlərinin və eləcə də Dövlət Rəqs Ansamblının 30 illik yubileyinə həsr edilmiş konsertin iştirakçısı olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Opera və Balet teatrında ilk debütü Z. Hacıbəyovun "Aşıq Qərib” operası ilə olmuşdur. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Opera və Balet teatrının simfonik orkestrinin dirijoru vəzifəsində çalışmışdır. F.Atayev 2004-cü ildən Azərbaycan Milli Konservatoriyasının dirijorluq kafedrasında "orkestr sinfinə” rəhbərlik edir. Konservatoriyanın baş müəllimidir. O, dirijorluq və simfonik orkestrinin alətləri fənlərinə dair metodiki işlərin və dərs vəsaitlərinin müəllifidir. Musiqişünaslıq və folklorşünaslığa dair elmi məqalələri vaxtaşırı olaraq "Hərbi bilik”, "Tədqiqlər” "Qobustan”, "Dədə Qorqud” və başqa jurnallarda dərc edilir. Beynəlxalq konfransların iştirakçısıdır. F. Atayev ilk dəfə olaraq "Milli Nəfəs Alətləri” orkestrinin yaradılması təklifini irəli sürmüş, üç ay ərzində Milli Konservatoriya nəzdində tərkibi 21 nəfərdən ibarət milli nəfəs alətlərinin ifaçılarından ibarət orkestr yaratmış və konsert proqramını təqdim etmişdir. 2007-ci ildən Azərbaycan Dövlət Televiziya və Radiosunun qapalı səhmdar cəmiyyətinin "Niyazi” adına simfonik orkestrinin dirijoru vəzifəsində çalışır. Bu dövr ərzində bir çox Azərbaycan və xarici ölkə bəstəkarlarının simfonik və xor əsərlərinin lentə alınmasında bir dirijor kimi iştirak etmişdir. F. Atayev 2010-cu ildən M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının F. Əmirov adına Dövlət Mahnı və Rəqs ansamblının xor kollektivində xormeyster vəzifəsində çalışır. Bu dövr ərzində kollektivin repertuarını tam yeniləyərək onlarla xalq və bəstəkar mahnılarını xor üçün işləmişdir. 2010-cu ildə F. Atayev "Novruz” adlı konsert tamaşasının ssenarisini yazmış və Dövlət Flarnomiyasının F. Əmirov adına Mahnı və Rəqs ansamblının kollektivi ilə hazırlamışdır. İşlədiyi dövr ərzində Ü. Hacıbəylinin "Arşın mal alan” , "O olmasın bu olsun”, R. Hacıyevın "Qonşular”, S. Ələsgərovun "Kələkbazlar”, "Hərənin öz ulduzu”, O. Kazıminin "Qızıl toy” , E. Sabitoğlunun "Bankir adaxlı” , "Qırmızı papaq” R. Mirişlinin "Qısqanc ürəklər”, O. Rəcəbovun "Əlin cibində olsun” İ. Kalmanın "İddialı Qaraçı” və s. tamaşalarına dirijorluq etmişdir. Bundan əlavə Azərbaycan Dövlət Musiqi Teatırının sifarişi ilə "1001 gecə" nağılı əsasında hazırlanan yeni tamasa ( rejisor İradə Gözölova) üçun F. Əmirovun mahnılarını ( "Səni araram”, "Reyhan”, "Toy mahnısı”, "Gecə keçdi”, "Neyləmişəm” və s.) simfonik orkestr üçün işləmişdir. Mükafatları O, həmçinin bəstəkar kimi bir sıra müsabiqələrin iştirakçısı olmuşdur. 1996-ci ildə Azərbaycan Radio və Televiziya qapalı səhmdar cəmiyyətinin təşkil etdiyi ən yaxşı "Vətənpərvərlik marşı”na görə müsabiqəsinin III mükafatçısı, 2004-cü ildə ANS şirkətlər qrupu və Milli Qəhrəman Çingiz Mustafayev Fondunun təşkil etdiyi "Qızıl marş” müsabiqəsinin diplomantı adlarına layiq görülmüşdür. F. Atayev simfonik orkestr, xor və solistlər üçün "Olimpiyada” uvertüra balladasını 2007-ci ildə yazmışdır. Əsər kütləvi xoreoqrafik, idman tamaşaları zamanı ifa edilmək üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə təqdim edilmiş və müsbət rəy almışdır. Komitənin prezidenti tərəfindən 26.12.2007 tarixində imzalanmış xüsusi sertifikatla təltif edilmişdir. F. Atayev 2010-cu ildən Azərbaycan Dövlət Musiqi Teatrında simfonik orkestrin dirijoru vəzifəsində fəaliyyət göstərir.



Baxış sayı:1023 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:15-01-2015, 15:50

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика