Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Eleonora Mustafayeva

Eleonora Mustafayeva


Mustafayeva Eleonora İlhamovna 29 aprel 1979-cu ildə Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhərində anadan olub. 1988-ci ildən 1992-ci ilə qədər həmin şəhərdə 2 saylı orta məktəbdə, 1992-ci ildən 1994-cü ilə qədər Bakıda 153 saylı orta məktəbdə oxuyub. Eleonora hələ uşaqlıq illərindən musiqiyə böyük maraq göstərib, 1988-1992-ci illərdə Samara vilayətinin 1 saylı Uşaq İncəsənət Məktəbində "Fortopiano” sinfində, sonra isə Bakıda Vaqif Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbində, 1994-1996-ci illər ərzində isə Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının "Vokal” fakültəsində təhsilini davam etdirib. E.Mustafayeva 1997-2001-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Opera və konsert ifaçılığı” fakültəsində bakalavr, sonra isə 2002- 2004-cü illərdə "Solo oxuma” fakültəsində magistr dərəcəsələrini alıb. İş karyerasına 2001-2002-ci illərdə 2 saylı Uşaq İncəsənət Məktəbində "Vokal oxuma” müəllimi kimi başlayıb, 2006-2007-ci illərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, 2007-ci ildən 2017-ci ilə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb, 2017-ci ildən isə yenidən Akademik Musiqili Teatrda fəaliyyətini davam etdirir. Qeyd edək ki, ötən ilin yekunlarında Akademik Musiqili Teatrda "Mövsümün perspektivli aktrisası” nominasiyasında mükafata layiq görülən Eleonora Mustafayeva işlədiyi müddət ərzində bu teatrın səhnəsində Faiq Sücəddinovun "Mən dəyərəm min cavana” (Gülnaz), Süleyman Ələsgərovun "Milyonçunun dilənçi oğlu” (Gözəl qız), Mark Komolettinin "Fransızsayağı qarnir” (Jaklin), Yevgeni Şvarts və Emin Sabitoğlunun "Qırmızı papaq” (Ana), Rauf Hacıyevin "Talelər qovuşanda” (Nərgiz) və "Qafqazlı qardaşqızı” (Lalə) tamaşalarında yaddaqalan obrazlar yaradıb. Eleona Mustafayeva istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda Azərbaycan vokal sənətini layiqincə təmsil edir, indiyə qədər bir çox respublika və beynəlxalq əhəmiyyətli konsert tədbirlərində iştirak edib, müsabiqə və festivalların laureatı olub. Ötən il Qazaxıstanın Karaqanda şəhərində XX beynəlxalq "Музыкальная Сарыарка” musiqi festivalında, Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərindəki tarixi Bellapais monastrında Beynəlxalq Türk Mədəniyyət Təşkilatı –TÜRKSOY-un 25 illiyinə həsr olunmuş Beynəlxalq "Opera günləri”ndə, eləcə də, Qaziantepdə "I Beynəlxalq Opera və Balet Festivalı”nın açılış mərasimində uğurla iştirak edib və buna görə TÜRKSOY-un baş katibi Düsen Kaseinov tərəfindən mükafatlandırılıb. Eleonora Mustafayeva 3 övlad anasıdır. O, ailəlikcə incəsənətə və teatra bağlı insanların əhatəsindədir. Həyat yoldaşı Mustafa Mustafayev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Baş rəssamı, qayınanası Əməkdar artist Almaz Mustafayeva isə həmin teatrın aktrisasıdır.



Baxış sayı:1166 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 03:30

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика